Elm və Təhsil Nazirliyindən bildirilib ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılsa da, 15 sentyabrdan etibarən valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.
Valideynləri bu məqamda bir sual çox düşündürür - dövlət bağçası, yoxsa özəl?
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə 400 min civarında uşaq məktəbəqədər təhsildən kənardadır: “Bunun əsas səbəbi məktəbəqədər təhsil müəssisələrinin sayının az olmasıdır. Dövlət mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı çox azdır. Dövlət bağçalarında dövlət nəzarəti var. Bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bir çox müsbət dəyişikliklər əldə olunub. Valideyn yer olmadığına görə uşağını dövlət müəssisəsinə qoya bilmirsə, artıq özəl mülkiyyətdə olan bağçalar arasından seçim etməli olur. Bunda da qiymət məsələsi böyük rol oynayır. Ölkədə 100-ə qədər özəl məktəbəqədər təhsil müəssisəsi var. Ümumiyyətlə, bu sahədə ciddi problemlər var. Ən əsası yer məsələsidir. Düşünürəm ki, dövlət proqramı qəbul olunmalıdır bununla bağlı və məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməlidir”.