"İqtisadiyyatda hüquqi əsasların yaradılması, bazara nəzarət, liberal iqtisadi mühitin mövcudluğu üçün, eyni zamanda müdaxilələr, inhisarçılıq və kartel sövdələşmələri halları ilə mübarizədə Rəqabət Məcəlləsinin qəbul edilməsi çox vacib məsələdir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrində üzərinə götürdüyü öhdəlikdir. Ümumdünya Ticarət Təşkilatı Rəqabət Məcəlləsinin qəbul edilməsilə bağlı ölkə qarşısında öhdəlik qoyub".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov Milli Məclisdə yenidən müzakirəsi gözlənilən Rəqabət Məcəlləsinin əhəmiyyətindən danışarkən deyib.
O qeyd edib ki, bir çox ölkələrin qanunlarında əksini tapan Rəqabət Məcəlləsi bazarda ədalətli və bərabər şərtlər daxilində hər kəsə sərbəst fəaliyyət imkanı yaradır və bazara giriş-çıxış məhdudiyyətlərini aradan qaldırır:
"Məcəllə qəbul edilərsə, Azərbaycanın beynəlxalq reytinqlərdə sırasına da müsbət təsir göstərə bilər. Reallıqda necə işləyəcəyisə, qanunun necə tətbiq edilməsindən asılı olacaq. Bu istiqamətdə ən böyük iş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə düşəcək. Bu qurum şəffaflıqla qanunun icrasını təmin etsə, nəticə gözləmək olar. Məcəllənin olması hər bir halda bazarın təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin yaranmasına imkan verəcək".
Törə Zeynallı Demokrat.az


