Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib ki, 2026-cı ilədək Kəlbəcərdə 15 yaşayış məntəqəsi inşa ediləcək.
“Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır”.
N.Hümmətov onu da əlavə edib ki, Kəlbəcərə əhalinin köçürülməsi 2024-cü ildən başlanılacaq. Şəhərdə tikilən yaşayış məntəqələrinə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
Əsrarəngiz təbiətilə seçilən Kəlbəcəri digər rayonlardan fərqləndirən həm də sərt dağlıq relyefidir.
Tanınmış memar Cahid Həsənov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu cür relyefə malik ərazilərdə şəhərsalma prosesi xüsusi diqqət tələb edir:

“Ərazinin quruluşu, oradan axan sular nəzərə alınır. Xüsusi konstruksiyaların layihələri işlənilir. Belə ərazilərimizdə adətən hündürmərtəbəli tikililər inşa olunmur. Hündür göydələnlər olsa belə, müasir dövrün konstruksiyası belə layihələrin reallaşmasını əlçatan edir. Hələki Kəlbəcər və Laçın kimi dağlıq rayonlarda çoxmərtəbəki binaların inşası müzakirə mövzusu deyil. Ən çox beş mərtəbəli binaların tikilməsi real görünür.
Bu gün dəryanın ortasında şəhərlər salınır, göydələnlər tikilir. Əsas məqam odur ki, məsul qurumlar konstruktiv hesablamanı coğrafi iqlimə və şəraitə, yerin süxurlarına uyğun aparsınlar. Standartlara əməl olunduğu təqdirdə dağlıq relyefdə binaların tikintisində bir problem olmur”.
Törə Zeynallı Demokrat.az


