Sertifikasiya imtahanında iştirakdan könüllü imtina edən 60 yaşlı müəllimin işdən çıxarılması xəbəri cəmiyyətdə birmənalı qarşılanmadı.
Goranboy rayon Düzqışlaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nailə Həsənova 59 yaşında sertifikasiya imtahanında iştirak edib, lakin müvafiq keçid balını toplaya bilməyib. Növbəti imtahan ərəfəsində isə 60 yaşı olduğu üçün ərizə yazıb, imtahanda iştirakdan imtina edib. N.Həsənova deyib ki, bundan sonra o, işdən çıxarılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Həmin müəllim 59 yaşı olarkən sertifikasiya imtahanında iştirak edib. Hesab edirəm ki, məsələni ciddi araşdırmağa ehtiyac var. Əgər ona qarşı hər hansı ədalətsizlik edilibsə, mütləq şəkildə araşdırılacaq və həqiqət bəlli olacaq. Sertifikasiyada iştirakdan yalnız 60 və daha çox yaşı olan müəllimlər imtina edə bilər. İşinə xitam verilən müəllim 59 yaşında imtahana cəlb edilib. Düşünürəm ki, müsbət nəticə əldə etməyibsə, fəaliyyətinə xitam verilməsi qərarında yanlışlıq yoxdur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq müraciət edildiyi təqdirdə məsələni obyektiv araşdırmağa hazırıq”.
Qeyd edək ki, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı bildirilib.
Törə Zeynallı Demokrat.az


