Bakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Şahin münaqişə zamanı tanışı Elvinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 12-də baş verib. Şahin Nizami rayonu ərazisində yerləşən “Arzu” şadlıq sarayında toyda iştirak etdikdən sonra həmin günü saat 23 radələrində istintaqa markası və dövlət nömrə nişanı məlum olmayan taksidə qabaq oturub, Xəzər rayonu Şağan qəsəbəsi istiqamətində gedib.
Bu zaman avtomobilin arxa oturacağında əyləşən sərnişin və əvvəllər tanıdığı Elvinə heç bir əsas və səbəb olmadan, xuliqanlıq niyyəti ilə onun üz nahiyyəsindən bir neçə dəfə şillə, yumruq zərbələri vurub.
Bundan başqa, Şahin həmin gün, saat 23.30-da Xəzər rayonu Şağan qəsəbəsi, Şağan-Mərdəkan şosesinin yol kənarında yerləşən “Oba” adı ilə fəaliyyət göstərən mağazanın qarşısında düşüb. Orada yenidən Elvin ilə mübahisəyə davam edib, üz nahiyəsinə başı ilə qəsdən zərbə vurub.
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Elvini uzun illərdir tanıyır: “Elvin mənim həmkəndlimdir, həmçinin Xəzər rayonu Şağan qəsəbəsi yeni sahədə qonşuyuq. Elvinlə yoldaşlıq münasibətlərimiz olub. Birlikdə fərdi yaşayış evlərinin həyətlərində işləməklə birlikdə çörək kəsmişik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin yay aylarında Elvin Şağan qəsəbəsində marketdə oğlu Turala deyib ki, guya o "maşennik", yəni dələduzdur: “Bu sözləri də oğlum həyat yoldaşıma dedi. Həyat yoldaşım da Elvinin anasına mobil telefonla zəng edərək irad bildirdi”.
Şahin deyib ki, hadisə günü Elvin ilə birlikdə Nizami rayonu ərazisində Arzu şadlıq evində birlikdə toyda olublar: “Bu zaman Elvin mənə yaxınlaşaraq bildirdi ki, 2020-ci ildə barəmdə "dələduz" sözünü demişdir, həmin söhbəti anama zəng edərək çatdıranı, yəni həyat yoldaşımın ünvana ağır təhqiredici nalayiq söyüşlər söydü. Daha sonra saat 23.00-da toydan çıxdıq və yolda dayanmış tanımadığım bir taksi avtomobilinin qabaq oturacağına əyləşdim. Bu zaman Elvin də gələrək həmin əyləşdiyim taksi avtomobilinin arxa oturacağına əyləşdi, mənimlə birlikdə Şağan qəsəbəsinə gedəcəyini bildirdi. Həmin taksi avtomobilinin daxilində yenidən Elvin ünvanıma söyüşlər söydü, arxadan əl-qol hərəkətləri atdı. Mən də əsəbləşərək Elvinin sifət nahiyəsinə əlimin arxası ilə qəsdən bir neçə dəfə zərbələr vurdum. Daha sonra 23.30-da Şağan qəsəbəsi, yeni sahədə Şağan Mərdəkan şosesində yolun kənarında olan “Oba” marketin qarşısında birlikdə taksidən düşdük. “Oba” marketin qarşısında aramızda mübahisə yenidən qızışdı. Baş vermiş mübahisə zamanı Elvinin sifətinin burun nahiyəsinə başım ilə bir dəfə möhkəm zərbə vurdum”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Şahin 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


