Türkiyə xarici işlər naziri Hakan Fidan İraqa səfəri zamanı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında iştirak edib.
Türkiyəli nazir bildirib ki, ölkəsi İraqdan PKK-nı rəsmi terror təşkilatı kimi tanımasını gözləyir. O qeyd edib ki, iki ölkə terrora qarşı birgə mübarizə aparmalıdır.
World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədovanınsözlərinə görə, PKK bu gün Suriya ilə İraq arasında rahat hərəkət edə bilir. O, Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyə artıq uzun illərdir terror təşkilatlarına qarşı ciddi mübarizə aparır, geniş əməliyyatlar həyata keçirir:
“Suriyadakı müharibə fonunda PKK daha çox fəallaşdı və Türkiyə sərhədində mövqelər tutmağa başladı. Artıq hakimiyyətlər terrorçuları danışıqlara cəlb edə bilmirdi. Bu, Türkiyənin onlara qarşı əməliyyatları artırmasına səbəb oldu. PKK Suriya və İraqı dövlət kimi görmür, bu ərazilər onlar üçün sadəcə torpaqdır, istədikləri vaxt gedib-gələ bilirlər. Alternativ Fişabur sərhədi var ki, bu yol üzərindən istənilən yükü keçirə bilirlər. ABŞ PKK-ya daimi dəstək verir. İraq – Suriya münasibətlərindəki problemlər ucbatından terrorçular maneəsiz dəstəklə təmin olunurlar. Bu dəstəksə Tükiyəyə qarşı çevrilir”.
Siyasi ekspert təəssüflə qeyd edib ki, müsəlman ölkələri arasında birlik yoxdur:

“Türkiyə illərdir bu birliyə nail olmağa çalışır. Terrorçulara qarşı apardığı əməliyyatlar uğurla nəticələnir. Suriyada gedən mübarizəni İraqda davam etdirməyə müvəffəq oldu. Əməliyyatlar türkiyəli generalların uğurlu strategiyası üzərində qurulub. PKK bu gün o qədər itki verir ki, artıq əli silah tuta bilməyən uşaqları dəstələrinə yığır. Türkiyə qarşısında gücsüzdürlər, sadəcə gizli şəkildə təşkilatlana bilirlər”.
R.Məmmədova əlavə edib ki, Türkiyə müsəlman dünyasından terrorizmə qarşı birgə mübarizə tələb edir:
“İnanmıram ki, İraq Türkiyənin son mesajlarına müsbət cavab verəcək. İraqın başı daxili problemlərə qarışıb. İran və ABŞ İraq daxilindəki bölücü qüvvələrə dəstək verir, dövlət bunlarla mübarizə aparmaqdadır. Türkiyənin PKK ilə təkbaşına mübarizəsini yəqin ki, hələ çox görəcəyik”.
Törə Zeynallı Demokrat.az


