Paytaxt havasında dəm qazının miqdarı normadan artıqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakıda dəm qazının miqdarı 1,5, azot-4 oksid miqdarı isə 1,4 dəfə yüksəkdir.
Ekoloq Rövşən Abbasovun sözlərinə görə, hava çirkliliyini azaltmaq üçün ilk növbədə bunun mənbələrini müəyyənləşdirmək lazımdır. O, Demokrat.az-a açıqlamasında bildirib ki, paytaxtda hava çirkliliyinə səbəb olan əsas amil PM-lər, yəni bərk maddələrdir:
“Bunlar, əsasən, paytaxt ətrafında yerləşən daş karxanalarından havaya yayılır. Digər qismi isə transsərhəd mənşəlidir, uzaq məsafəyə baxmayaraq xarici ölkələrdən ölkə ərazisinə daxil olub, havanın keyfiyyətinə təsir edə bilir. Digər çirkləndiricilər azot oksidləri və kükürd oksidləridir, bunların da əsas mənbəyi nəqliyyatdır”.
Ekoloq qeyd edib ki, daş karxanalarının işinə ciddi nəzarət olunmalıdır:
“Onların fəaliyyətində müəyyən standartlara əməl edilməlidir. Daş karxanaları səbəbilə tək Bakı ətrafında deyil, digər yaxın ərazilərdə də hava çirkliliyi normadan artıqdır, buna görə də yaşayış dözülməz hala gəlir”.
R.Abbasov deyib ki, kimyəvi tullantıların miqdarını azaltmaq üçün ictimai nəqliyyatın işi yaxşılaşdırılmalıdır:

“İctimai nəqliyyatın hərəkəti üçün rahat infrastruktur yaradılmalıdır ki, insanlar şəxsi avtomobillərdən istifadəni azaltsın. A nöqtəsindən B nöqtəsinə çatmaq üçün avtobus xeyli vaxt sərf edir. Ona görə də vətəndaşlar taksi və ya şəxsi avtomobillərdən istifadəni seçirlər. Bu da öz növbəsində havanın keyfiyyətinə təsir edir. Çünki ölkəmizdə nəqliyyat əsasən benzin və dizellə işləyir.
İctimai nəqliyyatın rahat hərəkəti üçün müəyyən işlər görülüb, avtobus zolaqları çəkilib. Lakin bəzən avtobus zolaqları tutulur və buna səbəb olan sürücülərin qanun pozuntusunun qarşısı alınmır. Avtobus zolaqlarında kənar nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməməlidir”.
Ekspert ölkəyə daha çox elektrik avtomobillərinin gətirilməsini təklif edib. Həmçinin əlavə edib ki, benzinin keyfiyyəti yaxşılaşdırılmalıdır:
“Bunların sayı çoxaldıqca hava kirliliyi də azalacaq. Elektrik və hibrit avtomobillərinin gömrük rüsumlarından azad olunması üçün müəyyən addımlar atılib, bu, təqdirəlayiqdir. Lakin bu avtomobillərin qiymətinin bir qədər baha olması, daha uzun müddətə enerji yığması, enerji stansiyalarının az olması səbəbilə insanlar ənənəvi mühərrikli avtomobillərə üstünlük verir.
Benzinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Avro 4 və Avro 5 standartlarına keçid üçün işlər görülür. Lakin bu yetərli deyil. Satılan benzin və dizelin keyfiyyətinə nəzarət gücləndirilməlidir ki, istifadə zamanı hava kirliliyi baş verməsin”.
Törə Zeynallı Demokrat.az


