Gündəm Özəl

Məşhurlara qarşı aqressiyanın təməlində nə dayanır? — Psixoloq danışdı

Məşhurlara qarşı aqressiyanın təməlində nə dayanır? — Psixoloq danışdı

Son günlər cəmiyyətdə məşhur simalara, tanınan şəxslərə qarşı aqressiya dalğası hökm sürür. “İstiqlal” ordeni ilə təltif edilən xalq artisti Rasim Balayevin Prezidentlə görüşdə aralarında keçən səmimi dialoqdan sonra bəzi insanlar aktyoru nədənsə ittiham etməyə özlərində haqq gördülər. Xalq şairi Ramiz Rövşən də həmin ərəfədə gündəmdə idi. Onun məşhur misralarının türkiyəli şair Nəcib Fazıl Kısakürəyə aid olduğunu iddia etdilər, sevilən şairin təkrarçılıq etdiyini deyib, nüfuzdan salmağa çalışdılar. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də sözbazların hədəfindən yayına bilmədi. Sirr deyil ki, uzun illərdir sədrlik etdiyi qurum ölkədə şəffaflığını qoruyan orqanlardan biridir. Amma nədənsə ilk yada düşən bu olmadı, əvəzinə, “artıq getməlidir!” hökmü oxundu.

Bu kin-küdurətin kökündə nə dayanır? Bəziləri özləri də bilmədən qısqanırmı məşhurları?

Mövzuya Demokrat.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova aydınlıq gətirib.

O qeyd edib ki, ümumiyyətlə, tanınmış, öndə gedən, həyatda uğur qazanmış insanlar hər zaman digərlərini qıcıqlandırır:

“Öndə olmaq arzusu hər birimizdə var. Ona görə də istədiyimizə nail olmayanda digərlərinə həsəd aparırıq. Bu, təbii hissdir. Ziyanlı olan bu hissləri gizlətməyə çalışmağımızdır. İnsan özündə olan xüsusiyyətləri qəbul etməyəndə, ört-basdır etməyə çalışanda bu, partlayış şəklində özünü büruzə verir. Qəbul etsək ki, hər birimizdə həsəd aparmaq kimi bir xasiyyət var, ört-basdır etməyə çalışmasaq, bu bizdə aqressiyaya çevrilməz. Məsələnin kökündə fərqində olmaq və qəbullanmaq dayanır, bu bizi aqressiyadan qurtaracaq”.

G.Rüstəmova onu da deyib ki, qısqanclıq və həsəd hissi tək məşhurlara qarşı deyil:

“Bu, ətrafımızda olan istənilən insana qarşı hiss edilə bilər. Sadəcə biz məşhurları tez-tez televiziyalarda, sosial şəbəkələrdə görürük.

Müsbət cəhətlərimizi qabardıb, mənfilərimizi sanki kompensasiya etmək istəyirik. Bu isə yanlışdır. Əksinə, belə etdikcə qısqanclıq və həsəd hissinin doğurduğu aqressiya içimizdə daha da alovlanacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova