“Məlum olduğu kimi, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin və Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüş keçirilməsi razılaşdırılmışdı. Bununla bütün razılıq əldə olunmasına baxmayaraq, sona anda erməni tərəfi görüşdən imtina etdi. Onlar düşündülər ki, Yevlaxa gəlməklə Azərbaycanın şərtlərini və ərazi bütövlüyünü qəbul etməli olacaqlar”.
Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycan tərəfi bundan əvvəl təklif etdi ki, növbəti görüş Bakıda keçirilsin, amma qarşı tərəf razılaşmadı, gəlmək istəmədi: “Sonra bu təklif yenidən təkrarlandı və onlar bir daha imtina etdilər. Daha sonra Yevlax variantı irəli sürüldü. Yevlax da Azərbaycanın bir şəhəridir və Xankəndiyə yaxın məsafədədir. Sözügedən görüşün keçirilməsi ilə bağlı bütün razılıqların əldə olunmasına baxmayaraq, ermənilər yenə imtina etdilər. Ona görə razılaşmaq və Bakı ilə Yevlaxa gəlmək istəmədilər ki, emənilərin fikrincə, bununla onlar Azərbaycanın bütün şərtlərini qəbul etmiş sayılacaqlar. Onlar belə bir görüntünün öz yanlış məntiqlərinə görə olmasını istəmirlər. Qeyd edim ki, separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ erməniləriBakıda görüşmək təklifindən imtinadan sonra məsafəcə Xankəndiyə yaxın olan Yevlax variantından da imtina etmələri onların mövqelərini daha da zəiflətdi”.


