Mədəniyyət Özəl

Mavi dənizin sahilində çabalayan kinomuz: “Lenin hakimiyyətə gələndə demişdi ki...”

Mavi dənizin sahilində çabalayan kinomuz: “Lenin hakimiyyətə gələndə demişdi ki...”

Avqust ayının ilk on günü Azərbaycan kinosu üçün əlamətdar hadisələrlə yadda qaldı. Yaranmasının 125-ci ilinə qədəm qoyan kinomuzun parlaq simalarından olan sevilən aktyor, Xalq artisti Rasim Balayevin 75 yaşını qeyd etdik. Prezident İlham Əliyev tərəfindən şəxsən “İstiqlal”ordeni ilə təltif olunan görkəmli aktyor yubileyi ərəfəsində verdiyi müsahibələrin birində kinomuzun bugünkü vəziyyətindən gileyləndi. 25 yaşda Nəsimini, 27 yaşda Bamsı Beyrəyi, 31 yaşda Babəki oynayan və bu rollarla xalqın sevgi və etimadını qazanan Rasim Balayev indi sanki kinosuz illərin həsrətini çəkirdi. Dediyi bu cümlələr əslində Azərbaycan kinosunun kinosuz qalan illərini də çılpaqlığı ilə təsvir edirdi:

“Hər il Dövlət Kinematoqrafiya Komitəsinin sifarişi ilə dörd film çəkilirdi. Amma təəssüf ki, birdən-birə gəlib o dövrə düşdük ki, kinoda bir boşluq yarandı. Siz təsəvvür edin ki, ötən əsrin 90-cı illərində 6 il ümumiyyətlə, film çəkilmədi. Sanki illərdən bəri davam edən estafet qırıldı və bu günə qədər də onun əziyyətini çəkirik. Çünki illərlə ərsəyə gələn bir prosesin birdən-birə dayanması heç də yaxşı hal deyildi. Həmin dövrdə biz çox şeyləri itirdik. Hesab edin ki, mən 20-25 il bir-birinin ardınca xeyli filmlərə çəkiləndən sonra 20-25 il də boş qaldım. Kinoda belədir ki, cavan vaxtı cavan obrazı oynayırsan, sonra yaşlaşırsan, həmin yaşa uyğun obrazlar yaradırsan. Əgər əvvəlki sürətlə film çəkilişləri davam etsəydi, bəlkə də, çoxsaylı filmə çəkilə bilərdim. Yəqin ki, indiki yaşımda da hansısa rolları canlandırardım. Çox təəssüf ki, olmadı. Amma ümumi götürəndə yenə çox şükür ki, gəncliyim həmin filmlərin çəkildiyi qaynar illərə düşdü”.

Mavi dənizin sahilində çabalayan kinomuz: “Lenin hakimiyyətə gələndə demişdi ki...”

1971-ci ildə “Ulduzlar sönmür” filmində kiçik bir rolla kinoya qədəm qoyan aktyor üçün 20 ildən artıq ard-arda filmlərə çəkiləndən sonra bir o qədər də kinodan uzaq qalmaq ağırdır, əlbət. Balayev illərlə kinodan uzaq qaldı, onu sevənlər də ondan...

Azərbaycan kinosu özünün qızıl əsrində Rasim Balayev kimi neçə-neçə görkəmli aktyor və aktrisa yetişdirdi – Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Həsənağa Turabov, Nəcibə Məlikova, Həsən Məmmədov, Nəsibə Zeynalova, Fəxrəddin Manafov və daha neçə-neçə adı kino tariximizə qızıl hərflərlə yazılan şəxsiyyətlər.

İlk dəfə 1898-ci ildə səssiz filmlərlə əsası qoyulan Azərbaycan kinematoqrafiyasında keçən on illiklər ərzində hər dövrün siyasi – ictimai proseslərinə uyğun məzmunda filmlər ərsəyə gəlib. İlk filmlər fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi", "İlişdin" və s. səssiz bədii kinosüjetlər idi. 1935-ci ildə çəkilmiş "Mavi dənizin sahilində" bədii filmi isə kino tariximizdə ilk səsli film olaraq bilinir.

90-cı illərdən Azərbaycan kinosunda durğunluq dövrü başladı. Bu günün özündə çəkilən filmlərimizdə köhnə ekran əsərlərimizin “dadı”nı axtarır, əvvəlki kino sənətinin qayıtmağını istəyirik. Düzdür, demək olmaz ki, indi yaxşı filmlərimiz yoxdur. Var, lakin say etibarilə müasir kinomuz ötən dövrdən geridə qalır. Müasir dövrdə çəkilən filmlərin heç də hamısı zəngin məzmun və dərin məna kəsb etmir.

Mavi dənizin sahilində çabalayan kinomuz: “Lenin hakimiyyətə gələndə demişdi ki...”
Xalq artisti, “Uşaqlığın son gecəsi”ndə Murad, “Yeddi oğul istərəm”də Cəlal, “Dərviş Parisi partladır” filmində isə Şahbaz bəy rolları ilə tamaşaçıların sevimlisinə çevrilən aktyor Ənvər Həsənovla kinomuzun hazırkı dövründən danışdıq.

Ənvər Həsənov Demokrat.az-a açıqlamasında dedi ki, 90-lardan etibarən ölkənin yaşadığı siyasi durum, bəzi görkəmli kino şəxsiyyətlərinin artıq həyatda olmaması, çəkilən filmlərin yarımçıq qalması Azərbaycan kinosunda fasiləyə səbəb oldu:

“Yadımdadır, “Şah ismayıl Xətai” filmi çəkilirdi, quruluşçu rejissor Əbdül idi (Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov - red.), ikinci rejissor mən idim. İl yarımdan çox o filmin üzərində işlədik, sonra yarımçıq qaldı. Ağır illər idi. 2000-ci ildən yenidən fəaliyyətə başladıq. Azərbaycan artıq ayağa qalxmışdı, inkişaf gedirdi. SSRİ vaxtı qayda var idi – ilə azı 7-8 bədii film çəkilməli idi, bizdən bunu tələb edirdilər. İl olub ki, 11 film çəkmişik. O vaxt gözəl kino xadimlərimiz, aktyor, aktrisalarımız vardı. Bəstəkarlar, operatorlar, rəssamlar – filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi buraya aid edirəm”.

Aktyor deyir ki, o vaxt kinoya sevgi bir başqaydı:

Mavi dənizin sahilində çabalayan kinomuz: “Lenin hakimiyyətə gələndə demişdi ki...”

“Heyf ki, dünyasını dəyişənlər oldu. İndi mən özüm də evdə oturmuşam, 73 yaşım olacaq. 1965-ci ildə 15 yaşından kinoya gəlmişəm, 70 yaşına kimi... Sevinirəm ki, bu yaşımda 70 dənə filmim var – 50-si aktyor, 20-si də rejissor kimi. Sual verdiniz ki, niyə kinomuz tənəzzülə uğrayıb? Bilirsiniz, kino cəmiyyətin aynasıdır. O dövrün kinolarında adət-ənənələrimiz göstərilirdi, xalqımızın gözəl xüsusiyyətləri – qonaqpərvərlik, mehribanlıq, xeyirxahlıq əksini tapırdı. İnsanlar kinodan nümunə götürürdülər, dərs çıxarırdılar. Klassik filmlərimiz dünyanın yüzdən çox ölkəsində izlənilib. Kinolarımız vasitəsilə Azərbaycan mədəniyyəti təbliğ olunub, tanınıb. Lenin hakimiyyətə gələndə demişdi ki, bütün incəsənət növlərindən bizim üçün ən vacibi kinodur. Heç vaxt yaddan çıxarmıram bu sözü. Demək, doğrudan da kino cəmiyyətin güzgüsüdür”.

Rejissor Natiq Novruzov isə saytımıza açıqlamasında kinomuzun bu gününün onu qane etmədiyini bildirib:

Mavi dənizin sahilində çabalayan kinomuz: “Lenin hakimiyyətə gələndə demişdi ki...”

“Azərbaycan kinosunun hazırkı vəziyyəti elə də qaneedici deyil. Amma müasir kinomuzda inkişaf gedir. Bu yaxınlarda türkiyəli aktyorlarla birgə yeni bir film çəkdik. Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyimiz “Mübariz” filmi böyük marağa səbəb oldu. İstedadlı aktyorlarımız, rejissorlarımız var. Ümid edirəm ki, yeni ekran nümunələri ərsəyə gəldikcə kinomuz da dirçələcək”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği mövzusunda yayımlanır.

NE
Nihadə Eyyubova