Erməni dustaqlığından azad edilmiş azərbaycanlı əsir və girovlar barəsində film çəkiləcək.
İngilis dilində çəkiləcək film “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşəbbüsü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə işıq üzü görəcək.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Demokrat.az-a açıqlamasında filmin məqsədi və ideyası barədə söz açıb. O qeyd edib ki, sənədli film Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülən, sonra isə düşmənin əlindən azad edilən şəxslərdən bəhs edir.
“Müharibələr zamanı əsir və girov götürülmüş şəxslərlə bağlı hələ XVIII əsrdə beynəlxalq humanitar prinsiplər qəbul edilib. Ermənistan 30 il əvvəl torpaqlarımızı işğal etməklə yetinməyib, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn müddəalarını pozaraq əsir etdiyi vətəndaşlarımıza işgəncələr verib, onlar ləyaqətsiz davranışa məruz qalıb, şəxsiyyətləri tapdanıb. Hədə-qorxu altında saxlanılıb, alçaldılıb, fiziki, mənəvi, psixoloji, seksual zorakılıqlara məruz qalıblar. Ermənilərin insanlığa sığmayan davranışları həmin şəxslərdə sağalmayacaq travmalar buraxıb”.
E.Orucova əlavə edib ki, filmin ingilis dilində çəkilməsində məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın müharibə cinayətlərinə çəkməkdir.
“Bu insanların səsini bütün dünya duymalıdır. Beynəlxalq ictimaiyyət mülki əhalinin başına gətirilənlər barədə, erməni vəhşiliyi haqqında məlumatlı olmalıdır. Fikrimcə, həqiqətləri dünyaya çatdırmaq üçün ingilis dilində belə filmlərin çəkilməsinə ehtiyac var”.
Son olaraq QHT sədri vurğulayıb ki, bu gün Ermənistana havadarlıq edən, Azərbaycana qarşı ikili standartlardan çıxış edən beynəlxalq tərəflər var.
“Onlar illərdən bəridir ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərə susurlar. Bəzi beynəlxalq təşkilatlar və ölkələr sözdə özlərini sülh carçısı kimi göstərir, əslində isə Ermənistanı və erməniləri qorumağa çalışırlar. Sənədli filmdə onlar erməni vəhşiliklərilə əyani şəkildə günahsız müharibə qurbanlarının dilindən tanış olacaqlar”.
Törə Zeynallı Demokrat.az


