Astara rayonunda 1998-ci il təvəllüdlü Lətif ailə münaqişəsi zəminində həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini Lətif həmin kənddə qayınatasının həyətində arvadı Könül ilə mübahisə edib.
Aralarında baş verən mübahisə zamani arvadının burun nahiyəsinə başla bir dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisəni törədən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könül ilə ailə həyatı qurublar: “Təxminən 2 ay olar ki, ailədaxili mübahisələrə görə arvadım məndən ayrıldı və atası evində yaşayır. Hadisə günü, saat 12 radələrində arvadım ilə barışmaq məqsədi ilə onun yaşadığı valideynlərinin evinə getdim. Həyətə girəndə arvadımın orada oturduğunu gördüm. Arvadıma yaxınlaşaraq “gəl barışaq, uşaqlar da böyükdür, evə qayıt” dedim. Lakin arvadım mənimlə barışmaq istəmədiyini bildirdi. Bundan sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək arvadımın üz nahiyəsinə kəllə zərbəsi vurdum. Arvadımın burnundan qan gəldiyini gördüm. Daha sonra sakitləşərək həyətdən çıxdım”.
İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, himayəsində 1 azyaşlı övladı var, əri Lətiflə uzun müddətdir aki, aralarında qərəzli münasibət olduğuna görə təxminən 3-4 ay olar ata evində yaşayır:
“Hadisə günü, saat 12 radələrində valideynlərimin evinin qarşısında həyətdə pilləkənlərin üzərində oturduğum zaman ərim həyətə gəldi. O, barışmaq istədiyini bildirdi. Lakin onun təklifini rədd etdim. Bundan qəzəblənən ərimlə aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim üz nahiyəmə şillə və başı ilə vurdu. Həmin vaxt burnumdan qan gəldiyini gördü və həyəti tərk etdi”.
Zərərçəkmiş bildirib ki, bundan sonra polisə şikayət edib.
Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Lətifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


