Ağcabədi rayonunda 1988-ci il təvəllüdlü Tural borc üstündə yaranan münaqişə zamanı İlqara xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 noyabr 2022-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində baş verib.
Orada İlqarın qarın nahiyyəsinə çoxsaylı zərbələr vurub.
Məlum olub ki, qapı-pəncərə ustası olan Tural İlqarın tanışı Teymurdan material alıb. Ona 1150 manat borcu yaranıb.
Hadisə də borc üstündə yaranan münaqişə zəminində baş verib.
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, plastik qapı-pəncərə ustasıdır:
“Əvvəllər Teymurdan qapı-pəncərə sexi üçün material almışam. , Teymura borcu qaldı. 3 il müddətində həmin borcu ödəyə bilmədim. 28 noyabr 2022-ci ildə, təxminən saat 14.50-də işlədiyim sexdə olan zaman Teymur İlqarla yanıma gəldi. Teymur məni çağırdı. Mən çölə çıxan kimi onunla salamlaşdım. Bu zaman Teymur sağ üz nahiyəmdən qəflətən şillə ilə bir dəfə vurdu. Mən nə baş verdiyini anlamadım və Teymura yumruq vurmaq istədim. Lakin ara qarışdı və bizi ayırdılar. Ona Teymuru vurmağa imkan vermədilər. Teymuru işlədiyim sexə İlqarın gətirdiyini güman etdim. İnu bura gətirmisən ki, məni vursun dedim, sonra da oradan aralandım. Bir qədər keçdikdən sonra işlədiyim sexə qayıtdım və Teymurla İlqarın sexin qarşısında dayandıqlarını gördüm. Onlara yaxınlaşaraq üzərimdə olan pəncərə-qapı düzəldərkən istifadə etdiyi metal parçasını çıxardım və İlqardan qisas almaq üçün onun qarın nahiyyəsinə iki dəfə zərbə vurdum. Sonra da oradan qaçaraq getdim. Gedərkən İlqarı vurduğum metal parçasını yolun kənarında atdım. Lakin həmin vaxt çox həyəcanlı olduğum üçün həmin metal parçasını haraya atdığımı xatırlamıram. İlqar Teymurla yaxın dostluq münasibətində olublar. İlqarın Teymuru mənim işlədiyim sexə gətirdiyinə və Teymurun məni şillə ilə vurub təhqir etdiyinə görə bərk əsəbiləşdim. İlqardan qisas almaq üçün onu vurmuşam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İlqarı vurduğuna görə əməlindən peşmandır.
O, İlqardan üzr istəyib və onunla barışıb. Öhtəsində azyaşlı uşağının və 1-ci qrup əlil nənəsinin olmasının nəzərə alınmasını istəyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona təyin edilən cəzanın icrası faktiki yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunub.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


