Məhərrəm ayının 10-cu günü, yəni Aşura İslamın şiə məzhəbində matəm günü kimi qeyd olunur.
Bu günün tarixi 680-ci ildə (hicri təqvimilə 61-ci il) İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edilməsilə bağlıdır. Şiələr bu gün yas tutur, əzadarlıq edir, mərsiyələr deyirlər, bəzi yerlərdə səhnələr nümayiş etdirilir. Qara geyinmiş insanlar küçələrdə yürüş edərək sinə döyür, şüarlar səsləndirirlər. Bəzi kişilər İmam Hüseynin öldürülərkən çəkdiyi ağrıları hiss etmək və etdirmək üçün özlərini zəncirlə döyür, bədənlərindən qan çıxarırlar.
Müasir dövrdə bəzi din xadimləri insanların özlərinə zərər yetirməsinin qarşısını almaq üçün onları bədənlərinə zəncirlə vurmaq əvəzinə qanvermə aksiyasına dəvət edirlər.
Məhərrəmlik ayının bu kimi mərasim və ənənələri isə heç də bütün müsəlmanlar tərəfindən doğru qəbul olunmur. Din xadimlərinin bu barədə fikirləri də üst-üstə düşmür.
Həqiqətənmi İslam dini insanlara özlərinə xəsarət yetirmələrini, mərsiyə deyib ağlamalarını, yas tutmalarını buyurur?
Yoxsa bütün bunların arxasında dayanan başqa motivlər var?
İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında Məhərrəmlik ayında mübahisə doğuran məqamlara aydınlıq gətirib, bəzi tarixi faktlara toxunub:
“Şəhidlik məfhumu termin olaraq bizə İslam dinindən gəlib və müqəddəs hesab olunur. İslamda Məhəmməd Peyğəmbərdən sonra ən ali mərtəbədə şəhidlər dayanır. Lakin təəssüflər olsun ki, Kərbəla faciəsini, İmam Hüseyn əleyhissəlamın şəhidliyini siyasiləşdirirlər. Tarix boyu bu hadisənin motivlərindən istifadə edilib”.
T.İrfanın sözlərinə görə, İslam dinində Məhərrəmlik boyunca keçirilən mərasimlərin heç bir əsası yoxdur. Sinə döymək, başa vurmaq, özünü zəncirlə döymək dində qadağan edilib:
“Çünki bunlar ərəblərin İslamdan öncəki cahiliyyə dövrü ənənələrinə və farsların qədim inanclarına əsaslanır. Farslar qədim dövrdə böyük şəxsiyyətləri öləndə belə rituallar həyata keçirirdilər.
Belə adətlər Peyğəmbərdən 300 il sonra Büveyhilərin hakimiyyəti dövründə müsəlmanlar arasında yayılmağa başladı. Bu dövlət İran ərazisində var olmuş Sasanilərin ideoloji davamçısı kimi qurulmuşdu. İkinci Xəlifə Ömər ibn Xəttab İranı fəth etdikdən sonra İslam dini bu torpaqlara da gəlib çatdı. Farslar öz dövlətlərinin Xilafət tərəfindən işğal edilməsini əsas gətirirək İmam Hüseyni, əhli-beyti əllərində bayraq etdilər, Məhərrəmlik vaxtı siyasi şüarlar səsləndirməyə başladılar. Bununla da digər müsəlmanları xilafətə, ərəblərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başladılar”.
İlahiyyaçı bildirib ki, Aşura adətlərinin kökündə İranın siyasi maraqları dayanır. İran bu gün də keçmişdən qalan ənənəni yaşadır, siyasətini davam etdirir. Məqsəd sünni – şiə qarşıdurmasını alovlandırmaqdır:
“İmam Hüseyni sünnilər öldürüb deməklə bir dinin məzhəbləri arasında müharibələr, çaxnaşmalar, nifaq yaradırlar.
Başa döymək, baş yarmaq, zəncir vurmaq necə yarandı?
İmam Hüseyni çağırıb məktub yazdırıb, sonra da Yezidin qoşunu tərəfə keçib onu öldürən xəyanətkar iraqlıların ənənəsidir bu. Bütün bu ayinlər İmama xəyanət edənlərin peşmançılığını əks etdirirdi. İmam Hüseyni biz öldürməmişik, niyə başımıza döyürük?!”
Azərbaycanda tarix boyu əhli-beytə, İmama sevginin olduğunu deyən ilahiyyatçı qeyd edib ki, İranın içimizdə ələ aldığı şəxslər vasitəsilə şüarlar səsləndirilir, bu, təxribatdır:
“İran həmişə əhli-beyt maskası taxaraq, İslam cildinə girərək araya nifrət toxumları səpib, qan axıtmaqla məşğul olub. Səlcuq dövlətini daxildən parçalamağa çalışıblar, Misir fatimilərin erməni vəziri Bədr Əl Camal müqaviləylə Qüdsü səlibçilərə verdi. Tarixdə belə faktlar çoxdur. Şiəliyi təbliğ edərək dünyada müsəlmanlar arasında düşmənçilik yaratmaqla məşğul olublar”.
T.İrfan vurğulayıb ki, ələmçilik, biləyə qara ip bağlamaq, baş yarmaq, zəncir vurmaq kimi adətlərin İslamla yaxından uzaqdan əlaqəsi yoxdur. Xüsusilə küçələrdə yürüşlər keçirmək təmamilə siyasi xarakter daşıyır:
“Bu, əsla İmam Hüseyni yad etmək deyil. İslamda şəhid, vəfat etmiş kəs bu formada yad olunmur. Bu yürüşlərdə, mərasimlərə iştirak edənlərə heç İmam Hüseynin həyatından, mübarizəsindən bəhs edilmir, bu insanlara ancaq məsələni siyasiləşdirmək, hakimiyyətə qarşı çıxışlar maraqlıdır.
Şəbehlər, teatrlar, az qala komediyalar təşkil edirlər ki, İmam Hüseyni, əhli-beyti gözdən salsınlar, təhqir etdirsinlər. Elə bir obraz yaratsınlar ki, insanlar nifrət etsin. İslamı dünyada ancaq qanla, qara rənglə simvolizə etsinlər”.
Belə ənənələrin ölkəmizdə də yayıldığını deyən ilahiyyatçının fikrincə bunun qarşısı alınmalıdır:
“Bunlar heç bir əndazəyə sığmayan tərtibatdır, şoudur. Elə məsələlər var ki, qanun onların qarşısını ala bilmir. İran sadəlöhv deyil, hər şeyi elə təşkil edir ki, ölkələrin qanunvericiliyində bu və ya digər bir şeyə açıq qadağa olmamış olsun, müəyyən qədər icazə verilsin. Bizdə əqidə, etiqad azadlığı, söz, ifadə azadlığı var, demokratiya var, İran da bundan sui-istifadə edir.
Başına, sinəsinə vuranlar bununla həm də siyasi mesaj ötürürlər – bu gün öz başıma vururam, sabah sənin başına vura bilərəm. İranın tör-töküntüləri qadağaların olmamasından istifadə edib ölkəmizdə savadsız, dindən xəbəri olmayan, cahil insanları öz sıralarına çəkirlər. Həmin adamlar da inanırlar ki, din həqiqətən budur, bu hərəkətlər doğrudur. Quranı oxuma, amma get bir ay başına, sinənə döy, özünü qana qərq elə ki, İmam Hüseyn yolunda edirəm”.
T.İrfan son olaraq əlavə edib ki, insanlar arasında əsl İslamın, doğru bilgilərin yayılmasına daha çox diqqət ayırılmalıdır. Əks təqdirdə bəziləri xürafatın qurbanı ola bilər:
“Bir vaxtlar ələm gəzdirirdilər. Bəzən düşünürük ki, bu, savadsızlığın əlamətidir, xeyr, düşünülmüş plandır. Hesab edirəm ki, siyasi xarakter daşıyan, dövlətin təhlükəsizliyini, ictimai aşayişi təhdid edəcək hər bir mərasim, adət və digər hərəkətlər qanunla qadağan edilməlidir. Dini siyasiləşdirmək günahdır. Din müqəddəs qalmalıdır. Dinin, məzhəblərin siyasiləşdirilməsinə imkan vermək olmaz. Bu gün Azərbaycanda İranın siyasi şiəliyi daha çox nəzərə çarpır, nəinki ənənəvi məzhəb. Məhərrəmlikdə ehsan vermək, şərbət paylamaq qalıb bir kənarda, əzədarlıq, mərsiyə demək də keçib ikinci plana, artıq siyasi motivli şüarlar, yazılı bayraqlar önə çıxır. Bunun qarşısının alınmaması ənənəvi İslama zərbə vura bilər. Daha sərt qanunların qəbul edilməsinə gətirib çıxaracaq ki, belə olan halda da etiqad azadlığı məhdudlaşdırılacaq. Dinimizi, inancımızı bu gün sərbəst yaşaya biliriksə, bunun qədrini bilməliyik. Bəzi inanclı insanlara demək lazımdır ki, əqidələrini İrana satıb dövlətə xəyanət etməsinlər”.
Törə Zeynallı Demokrat.az



