Deputat Vüqar Bayramov Qubad İbadoğlunun həbsinə münasibət bildirib.
Demokrat.az xəbər verir ki, deputat bu barədə feysbuk sosial şəbəkəsində açıqlama verib.
Son bir həftə ərzində xarici səfərdə olduğu üçün sözügedən məsələ ilə bağlı medianım suallarını cavablaya bilmədiyini qeyd edən V.Bayramov bildirib ki, cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.
Deputat açıqlamasında məsələ ilə bağlı araşdırmaların obyektiv aparılacağına və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcəyinə inamını ifadə edib.
Xatırladaq ki, Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib və Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.
Törə Zeynallı Demokrat.az


