Media Özəl

Elçin Şıxlı: "Peşəkar jurnalistika oxucusunu itirir"

Elçin Şıxlı: Peşəkar jurnalistika oxucusunu itirir

"Milli Mətbuat Günü ərəfəsində medianın problemlərini yada salırıq, özümüzə sual veririk ki, mətbuatın vəziyyəti nə yerdədir. Söhbət jurnalistikadan gedirsə, burada ciddi irəliləyiş görmürəm".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

Onun sözlərinə görə, jurnalistika yalnız texnoloji cəhətdən inkişaf edir:

"Dünyada yeni platformalar meydana çıxır. Sosial media önəmli yer tutmağa başlayıb. Texniki imkanlar artıb. Artıq mobil telefonlardan fotoaparat kimi istifadə edirlər. Bunlar çox gözəl, pakizə...

Amma söhbət jurnalistikadan gedirsə, burada irəliləyiş görmürəm. Bizdə keçirilən jurnalistika təlimləri adətən texnologiyadan, texnoloji imkanlardan, yeniliklərdən istifadəni öyrədir. Jurnalist olmaq üçün iki-üç günlük təlimlərlə iş bitmir. Jurnalistika aparatı sağdan və ya soldan tutmağı öyrənmək deyil. Kontent olmalıdır. Yazı, fikir, tənqid olmalıdır. Bunlar olmayan yerdə jurnalistikanın inkişafından danışmaq mümkün deyil".

Elçin Şıxlı digər problemlərə də toxunub:

"Digər problemli məsələ də odur ki, demək olar heç bir media subyekti özü özünü maliyyələşdirə bilmir. Özünü müstəqil maliyyəşdirə bilməyən media subyekti kiminsə əlinə baxır. Belə olan halda da o sərbəst fikir yürüdə bilmir.

Real vəziyyət budur. Görəcəyimiz işlər hələ çoxdur. Biz sosial şəbəkələrə uduzuruq. Bu, yaralı yerimizdir. Peşəkar jurnalistika oxucusunu itirir. Çünki bizim jurnalistlərin yazdığına inanan azdır".

Törə Zeynallı Demokrat.az

D
demokrat.az