Sosial Özəl

Övladlığa götürmədə yeni metod — Himayədar ailə modeli nədir?

Övladlığa götürmədə yeni metod — Himayədar ailə modeli nədir?

Azərbaycanda himayədar ailə modelinin tətbiqinə başlanılır. Dünyada geniş yayılmış təcrübələrdən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini nəzərdə tutur. Məqsəd həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmaqdır.

Himayədar ailə modelinin hansı əsaslarla tətbiq edildiyi barədə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bəzi detallara toxunub.

O qeyd edib ki, uzun illərdir Azərbaycanda qoruyucu himayədar ailə mexanimzi hazırlanırdı:

“Bunun tətbiqini səbirsizliklə gözləyirdik. Olduqca effektiv bir üsuldur. Övladlığa vermə məsələsi həm həssas məsələdir, həm dövlət siyasətidir. Uşaqların təhlükəsizliyi məsələsi burada öndə gəlir. Ona görə də uşağın kimə verildiyi, hansı ailəyə övlad ola biləcəyi, o ailədə uşağın təhlükəsizliyinin təminatı, sevgi ilə əhatə olunması məsələləri son dərəcə diqqətlə işlənməlidir”.

Övladlığa götürmədə yeni metod — Himayədar ailə modeli nədir?

Sosioloqun sözlərinə görə əvvəllər bu mexanizm olmadığına görə övladığa verilmə məsələsi bir qədər məşəqqətli idi:

“Bu məsələdə nə dövləti qınamaq olur, nə də vətəndaşları. İnsanlar haqlı olaraq övladlığa götürmə məsələsinin çətin olduğundan şikayətlənirdilər. Dövlət də haqlı olaraq bu prosesin məhz mürəkkəb olmasını müdafiə edirdi. Çünki uşaqların təhlükəsizliyi məsələsi vacibdir”.

L.Mehralı bildirib ki, uşağı birbaşa övladlığa verməzdən öncə müəyyən bir prosedur tətbiq etmək lazımdır:

“Uşaqlarla ailələr arasında ilkin təmas yaratmaq lazımdır öncə. Bu ailə övladlığa götürməyə hazırdımı, uşağa nə verəcək, təhlükəsizliyini təmin edə biləcəkmi, gələcəyi əmin əllərdədimi? Bu amillər qoruyucu himayədar ailə modelinin tətbiqini zəruri edirdi”.

Dünya ölkələrinin əksəriyyətində bu modelin tətbiq olunduğunu diqqətə çatdıran sosioloq əlavə edib ki, hətta övladlığa götürmədən belə himayədarlıq etmək olur:

“Ola bilər ki, ailə uşağı övladlığa götürmək istəməsin, sadəcə himayədarlıq etsin. Həftənin müəyyən günləri uşaq həmin ailə ilə birgə vaxt keçirir. Uşağın xırda ehtiyaclarını ailə qarşılaya bilər, onu gəzintiyə, müxtəlif əyləncələrə apara bilər. Ailə bir növ uşaqla məşğul olur. Bu prosesdən sonra istəsə, uşağı övladlığa götürməkçün müraciət edir. İstəməsə sadəcə himayədarı kimi davam edir. Uşağın övladlığa verilməsini rəsmiləşdirməmişdən öncə ailənin uşaqla davranışlarına nəzarət edilir. Düşünürəm ki, bu qanunun tətbiqindən sonra övladlığa vermə prosesi daha sağlamlaşacaq”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az