Siyasət Özəl

Politoloq: “Separatçı Qarabağ ermənilərinin güvəndiyi yer Rusiyadır”

Politoloq: “Separatçı Qarabağ ermənilərinin güvəndiyi yer Rusiyadır”

“Rusiya Azərbaycan – Ermənistan münasibətlərində öz idarəçilik monopoliyasını qoruyub saxlamaq istəyir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Rusiyanın 15 iyul tarixli qərəzli bəyanatını şərh edən politoloq Əhəd Məmmədli deyib.

O qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı gərginliyə ancaq özünün son qoya bilmək iqtidarında olduğunu göstərmək istəyir. Lakin, artıq vəziyyət dəyişib:

“II Qarabağ müharibəsi reallıqları dəyişdi. Azərbaycan – Ermənistan münasibətlərində artıq bir neçə tərəf var. Digər dövlətlər də burada iştirak edir – bu günlərdə baş tutan Brüssel görüşü, daha əvvəl Vaşinqtonda, Praqada keçirilmiş görüşlər. Artıq Türkiyə də Qarabağdadır. Rusiya bunu qəbul etmək istəmir. Yenə də bu məsələni öz monopoliyasında saxlamaq istəyir. Rusiya bu cür bəyanatlara sanki demək istəyir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı və yeni situasiya yarandı. Ermənistan bunu tanımasaydı, Rusiya tanımayacaqdımı?! Bir tərəfdən də ermənilərə eyham vurur ki, günahkar sizsiniz, niyə tanıyırsınız?! Rusiya guya Azərbaycanın suverenliyini dəstəkləyir, amma verdiyi bəyanatla onun əsl mövqeyini görürük”. Ə.Məmmədli qeyd edib ki, separatçı Qarabağ ermənilərinin də güvəndiyi yer Rusiyadır:

“Rusiya əlindən gələni edir ki, bu məsələ dondurulmuş şəkildə qalsın. Qarabağ ermənilərinin taleyi gələcəyə qalsın deməklə Putin özü bunu etiraf etmişdi. Məqsəd odur ki, məsələ öz həllini tapmasın, Rusiya yenə müdaxilə etməyə davam etsin. Azərbaycanın ərazi bütövlüyü tam həll edilməsin. Rusiyanın istədiyi budur”.

Politoloq vurğulayıb ki, artıq Azərbaycan tərəfi vəziyyəti özü üçün qiymətləndirməli və dəqiq addımlar atmalıdır:

“Rusiya hərbi kontingenti bölgədəki vəziyyəti yalnız gərginləşdirməyə xidmət edir. Azərbaycan bu il ərzində gecikmədən rus sülhməramlılarının müvəqqəti yerləşdikləri əraziləri öz nəzarəti altına almalıdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az