“Beynəlxalq Ədalət Məhkəməsi artıq 3-cü dəfədir ki, Ermənistanın sözügedən məsələ barədə iddialarını gündəmə gətirir. Daha əvvəl də qeyd etmişdim ki, iyulun 6-da verilən qərar qarşı tərəfin bu iddiaları ilə bağlı sonuncu qərar olacaq. Bu qərardan sonra yəqin Ermənistana dərs olacaq ki, saxta iddialarla Beynəlxalq Ədalət Məhkəməsi kimi qurumlara müraciət etməsin”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul tarixli qərarını şərh edən hüquq üzrə fəlsəfə doktoru sabiq deputat Çingiz Qənizadə bildirib.
Bunu ədalətli yanaşma kimi dəyərləndirən hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistanın haqsız tələblərinin tamamilə rədd edilməsi təkcə ona deyil, həm də havadarlarına bir xəbərdarlıqdır:
“Ermənistan bundan nəticə çıxarmalıdır, əks halda problemlərlə üzləşən yenə də özü olacaq. Düzdür, dünyada ikili standartların şahidi oluruq, beynəlxalq təşkilatların bəzən qeyri-adekvat yanaşmalarını görürük. Amma biz bunu Beynəlxalq Ədalət Məhkəməsinin timsalında görmədik”.
Ç.Qənizadənin fikrincə, Ermənistanın bu tələblərə əməl edib-etməyəcəyi sual doğurur. Təxribatlara hazır olmalıyıq:
“Orada digər bir məsələ də var – irq ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi. Fevral ayındakı qərardan sonra iki əsgərimiz saxlanıldı. Onlara işgəncə verdilər, kadrlarını yaydılar, saxta ittihamlar irəli sürüldü. Ermənistan düzələn deyil. Onlar başları daşa dəyməyincə nəticə çıxarmırlar.
Hesab edirəm ki, Ermənistan tərəfindən baş verə biləcək təxribat ehtimalları diqqətdə saxlanılmalıdır. Həm Laçın postu ətrafında, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatlar ola bilər.
Necə ki, dəfələrlə bunu ediblər. Sayıqlığı itirmədən, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını alqışlayaraq, Prezidentin Qarabağla bağlı qarşıya qoyduğu istiqamətlərdə dövlət siyasətini həyata keçirməyi hədəfləməliyik”.
Törə Zeynallı Demokrat.az


