“Biz Ermənistanı tərəflərin mübahisəsini gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə mane olan qeyri-konstruktiv davranışa son qoymaq barədə Məhkəmənin qərarına əməl etməyə çağırırıq”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin iyulun 6-da Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarına dəyişiklik edilməsi müraciətini rədd etməsi barədə “Tvitterdə” yazdığı şərhində bildirib.
Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarında Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı öz təsdiqini tapıb.
Bununla yanaşı, Ermənistanın Azərbaycandan Laçın sərhəd keçid məntəqəsində xidmət edən Dövlət Sərhəd Xidməti əməkdaşlarını geri çağırmaq barədə iddiası da təmin edilməyib.
Maraqlıdır, bundan sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını nəzərə alıb sərhəddə gərginlik yaratmaqdan əl çəkəcəkmi?
Bu qərar Laçın postunun fəaliyyətinə hər vasitə ilə əngəl olmağa çalışan ermənilərə dərs olacaqmı?
Politoloq Nəsimi Məmmədli isə ermənilərin nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə mane olan qeyri-konstruktiv davranışlarından danışarkən Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan hər zaman beynəlxalq hüquqa, eyni zamanda beynəlxalq qurumların çıxardığı müvafiq sənədlərə etinasız yanaşıb:
“Bu gün dünyanın ən nüfuzlu və səlahiyyətli beynəlxalq orqanı BMT-dir. Söhbət onun 4 qətnaməsini 30 ilə yaxın müddətdə icra etməyən bir dövlətdən gedir”.
O qeyd edib ki, Ermənistan əlinə fürsət düşdükcə, himayədarları artdıqca beynəlxalq hüquqa qarşı bu şəkildə davranacaq:
“Heç bir halda onun nə zamansa beynəlxalq hüquqa əməl edəcəyini, üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağını gözləməyə dəyməz. Azərbaycan hər zaman Ermənistan dövlətinə qarşı hazırlıqlı olmalıdır. Qarşı tərəf anlamalıdır ki, əgər, o, üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, Azərbaycan belə olan halda beynəlxalq hüququn prinsiplərini öz gücü ilə həll etməyə çalışacaq. Əlbəttə, beynəlxalq hüquq bu gün Azərbaycan üçün önəmlidir. Hər bir halda bu prinsiplərdən çıxış etməyə davam etməliyik. Paralel olaraq da, öz hərbi gücünü Ermənistanın üzərində hiss etdirməlidir”.
N.Məmmədlinin sözlərinə görə, erməni xalqı artıq uzun illərdir ki, ideoloji baxımdan özünü xeyli dərəcədə reallıqlardan uzaqlaşdırıb.
“Onlar öz cəmiyyətlərini qondarma ideyalarla elə yoğurublar ki, bu cəmiyyətdən hansısa konstruktiv münasibət, sivil qonşuluq münasibətləri gözləmək çətindir. Hakimiyyətlər dəyişər, cəmiyyətin tələbi də dəyişə bilər, geo-siyasi vəziyyət dəyişər, erməni cəmiyyətinin tələbi də dəyişər. Ona görə də Azərbaycan bütün hallarda beynəlxalq hüquqdan irəli gələn məsələlərə önəm verdiyini ifadə etməklə yanaşı, özünün təhlükəsizlik maraqlarını da yüksək səviyyədə saxlamalıdır”.
Törə Zeynallı Demokrat.az


