İqtisadiyyat Özəl

Mavi qaz yatağı “Abşeron”: “Hasilat artacaq” — Ekspert

Mavi qaz yatağı “Abşeron”: “Hasilat artacaq” — Ekspert

“Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatına başlanılıb.

Demokrat.az xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ilkin hasilat mərhələsində hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir.

“Abşeron” qaz yatağının istifadəsinin ölkə iqtisadiyyatına gözlənilən müsbət təsirləri barədə Demokrat.az-a danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, yataqdan illik 1,5 milyard kub metr qaz hasil etmək planlaşdırılır:

“SOCAR-ın hesablamalarına görə “Abşeron” qaz yatağının faktiki kommersiya əhəmiyyətli qaz ehtiyatları 350 milyard kub metrdir. 45 milyon ton kondensat ehtiyatı var. Azərbaycanın “Şahdəniz”dən sonra ikinci ən böyük qaz yatağıdır. Bu təsdiq olunmuş ehtiyatlar ölkənin 2,2 trilyonluq təsdiq olunmuş qaz ehtiyatına daxildir. Bu rəqəm “Şahdəniz”, “Abşeron” və digər yataqlarda olan qaz ehtiyatının cəmini təşkil edir. “Abşeron” qaz yatağının ehtiyatı 10 illiklər ərzində məlum idi. Uzun müddətdir bu qaz yatağı üzərində SOCAR "Total Energies" şirkətilə birgə işləyirdi. Bu rəqəmlər hələ ilkin rəqəmlərdir. Bu göstərici illik 1,5 milyard kub metrə çata bilər”.

Mavi qaz yatağı “Abşeron”: “Hasilat artacaq” — Ekspert

Ekspert qeyd edib ki, Azərbaycan qaz ixracını artırmağı hədəfləyir. “Abşeron” yatağı qaz ixracına mühüm töhfə verə bilər: “Azərbaycanın tək Avropaya qaz ixracı 11 milyard kub metr təşkil edir, bunu 20-yə çatdırmaq istəyir. Bura Türkiyə və Gürcüstanı da əlavə etsək, bu rəqəmin illik 21-22 milyard kub metr olduğunu görərik. Yaxın bir neçə ildə bu həcmi 31 milyard kub metrə çatdırmağı plaşlaşdırır. Bunu Prezident İlham Əliyev Avropa Komissiyası ilə görüşlərdə dəfələrlə bəyan edib.

Bu zaman “Abşeron”dan çıxarılacaq qazın həcmi də rol oynayacaq. Onun istismara verilməsi və hasilatının nəzərdə tutulmuş həcmə çatdırılması Azərbaycanın həm valyuta gəlirlərinə təsir edəcək, həm də partnyorları qarşısında götürdüyü öhdəliklərin icrasına qatqı verəcək”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az