Azərbaycanda kredit faizləri azala bilər.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev deyib.
Mərkəzi Bankın öz səlahiyyətləri çərçivəsində kredit faizlərini diqqətdə saxladığını bildirən Toğrul Əliyevin sözlərinə görə, Bankın uçot dərəcəsinin faizlərə transmissiyası baxımından banklararası pul bazarının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Toğrul Əliyev onu da qeyd edib ki, problemli kreditlərin həlli ilə bağlı müddətlər, mikro, kiçik və orta biznes subyektlərində olan çətinliklər, onların maliyyə, korporativ idarəetmə ilə bağlı çətinliklərinin həlli faizlərin azalmasına təsir göstərə bilər.
Mərkəzi Bankın baş direktorunun bu açıqlamasına münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, kredit faizləri azala bilər, amma bunun yaxın müddətdə baş verməsi gözlənilmir.

O, problemin səbəblərini belə şərh edib:
“Kredit faizlərinin yüksək olmasının iki əsas səbəbi var. Birinci, kredit riskinin yüksək olmasıdır. Yəni kreditin qaytarılmaması və yaxud da qaytarılmasında problemlərin yaşanması. Kimlərsə krediti qaytarmır, problem yaradır. Bank məcburdur ki, kollektor tutsun, vəkil tutsun, pul xərcləsin, məhkəmə, dövlət rüsumu... Nəzərə alsaq ki, məhkəmələrin işə şəffaf yanaşacağı da sual altındadır, o zaman, bu məsələ banklar üçün müşkülə çevrilir. Bunun kökü də bəllidir – ölkədə qanunçuluğun zəif olması”.
Ə.Həsənov ikincisi səbəbi Azərbaycanda maliyyənin özünün baha olması ilə əlaqələndirib:
“Yəni bankların maliyyə mənbələri bahadır, həm əmanətçilərin vəsaitləri, həm də Mərkəzi Bankın uçot dərəcəsi. Əmanətlər üzrə qorunan faiz 12 faizidir, bunun özü çox yüksək rəqəmdir. Mərkəzi Bankın da uçot faizi 9 faizdən çoxdur. Buna görə də banklar aşağı faizlə kredit verə bilmir.
Əlbəttə ki, Toğrul bəyin dediyi məqamlar da təsir göstərir. Lakin qeyd etdiyim iki məsələ həllini tapmasa, düşünmürəm ki, yaxın gələcəkdə ölkədə kredit sektorunda dəyişiklik olsun”.
Törə Zeynallı Demokrat.az


