Hadisə Özəl

Bakıda narkotiklə həbs edilən taksi sürücüsü bəraət aldı

Bakıda narkotiklə həbs edilən taksi sürücüsü bəraət aldı

Bakıda narkotiok vasitələrin alqı-satqısı ilə məşğul olmaqda ittiham olunan 1990-cı il təvəllüdlü Əkbərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əkbər istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd sellofan bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib.

O, narkotik vasitəni icarəyə götürdüyü “Chevrolet Lacetti” markalı ı avtomobilin salonunun qabaq sol tərəfinin dam hissəsində olan saxlanc yerində saxlayıb, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Fərid” şadlıq evinin yaxınlığına daşıyhıb.

Əkbər həmin gün saat 15.00-da Xəzər rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları “Fərid” şadlıq evinin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb və 3-cü polis şöbəsinin inzibati binasına gətirilib.

Orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən Əkbərin üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar olunmasa da, istintaq hərəkəti davam etdirilən zaman onun icarəyə götürdüyü “Chevrolet Lacetti” markalı avtomobildə narkotik maddə saxladığını bildirib.

Bundan sonra qeyd olunan avtomobildə baxış, axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman avtomobilin salonunun qabaq sol tərəfinin dam hissəsində olan saxlanc yerindən çəkisi -3,798 qram heroin və 1 ədəd sellofan bükümdə çəkisi -1,487 qram təşkil edən psixotrop maddə metanfetamin aşkar edilib.

Əkbərin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 4 iyun 2022-ci ildə Hacı Teymurdan aldığı avtomobillə taksi fəaliyyətilə məşğul olub və Binə qəsəbəsi ərazisində yolda hərəkət edirkən tanıdığı Elnur adlı Post Patrul Xidmətinin əməkdaşını görüb və ona salam verib:

“Bundan sonra həmin Elnur adlı Post Patrul Xidmətinin əməkdaşı və digər bir polis əməkdaşı tərəfindən saxlanıldım və əlimi qandalladılar. Məni və avtomobildə əyləşmiş sərnişini Post Patrul Xidmətinə məxsus avtomobilə əyləşdirərək, 3-cü polis şöbəsinə apardılar. Elnur mənim avtomobilimi idarə edərək şöbəyə gətirdi. Mən və sərnişin Post Patrul Xidmətinə məxsus avtomobildə idik. Polis əməkdaşları idarə etdiyi avtomobildə axtarış keçirirdilər. Onlar mənə avtomobildən düşürtdülər və avtomobilində narkotik vasitə aşkar edildiyini dedilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra onunla yanındakı sərnişini bölmənin içərisinə salbılar:

“Onlar avtomobildən aşkar edilmiş narkotik vasitənin mənim olduğunu bildirəndə, narkotikin mənim olmadığını bildirdim. Onlar mənə təzyiq göstərdilər. Videoçəkiliş zamanı gözümün altı gömgöy idi. Mən də məcburiyyət qarşısında qaldım və narkotik vasitənin mənim olduğunu bildirdim. Sərnişini azadlığa buraxdılar, məni isə həbsə göndərdilər. Bundan sonra məni prokurorluq orqanına apardılar. Orada mənə deyildi ki, kim soruşsa, narkotik vasitənin guya mənə məxsus olduğunu deyim, bu halda məni azadlığa buraxacaqlarını bildirdilər. Mən də hər yerdə belə olduğunu bildirdim. Lakin həmin narkotik vasitə mənim deyildi”.

Təqsurləndirilən şəxs qeyd edib ki, ibtidai istintaqda yazılan ifadə ilə saxlanıldığı təcridxanaya ittiham aktı göndərilən vaxt tanış olub:

“Həmin ifadəni mən verməmişəm. Necə deyiblərsə, elə də yazmışam. Mənə həm fiziki, həm də psixi təzyiq göstərildi. Heç vaxt narkotik vasitədən istifadə etməmişəm”. Əkbər deyib ki, avtomobili saxlanıldığı gündən bir gün əvvəl avtomobili təmizlətmək üçün tanışı Hacı Teymur adlı şəxsdən satış məqsədilə götürüb: “Avtomobilin içi çirkli idi. Həftənin 6-cı gün avtomobili təmizlədəcəkdim. Bazar günü isə avtomobil bazara çıxaracaqdım. Avtomobili həftənin 5-ci günü saat 3-də götürdüm, 6-cı gün səhər saatlarında onu təmizlədim. Avtomobili təmizlətdikdən sonra Mərdəkan qəsəbəsində yaşadığı evə gəldim. 6-cı gün səhər saatlarında Hövsan qəsəbəsinə getdim ki, Rafaeldən karter aparatını götürüm. Orada avtomobili təmizlədim və oradan isə Binə qəsəbəsinə müştəri daşıdım. Səhər saat 8 radələrində Hövsan qəsəbəsinə getdim. Avtomobili iki saat müddətində təmizlədim, saat 10-11 arası bitirdim”.

Təqsirləndirilən şəxs bildirib ki, 2015-ci ildən bəri özü üçün Bolt taksi xidmətində hesab açıb:

“Avtomobili təmizlədikdən sonra həmin mobil tətbiqi aktiv etdim və saat 11-dən sonra sərnişin daşıdım. Saat 2-3 radələrində polis əməkdaşları tərəfindən saxlanıldım. Avtomobili təhvil alanda onun içərisinə baxmışdım və onun içərisində heç nə yox idi. Polis əməkdaşları məni saxladıqdan sonra qolumu bağladılar və tutulmağımın səbəbini polis bölməsində biləcəyimi bildirdilər”.

Məhkəmədə təqsirləndirilən şəxsi həbs edən polis əməliyyatçıları da ifadə veriblər. Əməliyyatçılardan biri bildirib ki, Xəzər rayonu ərazisində 12 ildir xidmət edir:

“Həmin ərazidə bir çox şəxsləri tanıyıram. Xidməti ərazidə gecə-gündüz təqsirləndirilən Əkbəri görürdüm. Ərazidə çox sayda oğurluq hadisələri olduğu üçün ərazidə olan şəxslər barəsində maraqlanırdıq. 4 iyun 2022-ci ildə, gündüz saatlarında “Fərid” Şadlıq evinin yanında Əkbəri “Chevrolet Lacetti” markalı avtomobildə hərəkət edən zaman gördük. Bu vaxt yanımda digər əməkdaş da var idi. Təqsirləndirilən şəxs bizi gördükdən sonra aralaşmaq istədi. Biz təqsirləndirilən şəxsə yaxınlaşdıq, özümüzü təqdim etdik. Təqsirləndirilən şəxs narahat və şübhəli idi. Onu Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə dəvət etdik. Polis şöbəsində təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxsi saxlayarkən avtomobildə ondan başqa bir şəxs də var idi. Həmin şəxsin kim olduğunu bilmirəm. Onların hər ikisini polis şöbəsinə apardıq. Əkbəri saxladıqdan sonra onun avtomobilinə dərhal baxış keçirmədik. Əkbəri saxladığımız yerdən bölməyə aparmaq təqribən 10 dəqiqə vaxt çəkdi. Polis şöbəsində biz yox, əməliyyat qrupu tərəfindən səhv etmirəmsə, onlarında iştirakı ilə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə təqribən 30 dəqiqə və ya bir saat sonra baxış keçirildi. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə aşkar edilmədi. Əkbər özü idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu bildirdi. Əkbərin idarə etdiyi avtomobili hər gün müxtəlif şəxslər idarə edirdi”.

Əməliyyatçılar ifadərində bildiriblər ki, polis şöbəsində təqsirləndirilən şəxsə təzyiq göstərilməyib. Onun döyülməsinə və digər formada təzyiqə məruz qalmasına şahid olmayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbərin əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova