Təhlil Özəl

Qarabağda “Qisas” əməliyyatı: terrorçular məhv edildi, zərbələr davamlı olacaq

Qarabağda “Qisas” əməliyyatı: terrorçular məhv edildi, zərbələr davamlı olacaq

Qarabağda qanunsuz silahlı birləşmələrinin dünən həyata keçirdiyi təxribat hücumu nəticəsində ordumuzun hərbi qulluqçusu yaralandı. Bu təxribata dərhal cavab verən ordumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı ilə ilkin məlumatlara görə 5 terrorçu məhv edilib, o cümlədən, hərbi infrastruktur dağıdılıb.

Təxribat hücumunun məhz indi – Vaşinqtonda xarici işlər nazirləri arasında görüşün keçirildiyi ərəfədə baş verməsi təsadüfi deyil. Məqsədin danışıqlar prosesini pozmaq olduğu sirr deyil. Çünki beynəlxalq səviyyədə Bakının Qarabağla bağlı mövqeyi qəbul olunub.

Qarabağdakı erməni əhalisi Azərbaycana reinteqrasiya olunmalıdır, separatçılar isə ya təslim olacaqlar, ya da ən yaxşı halda ərazimizi tərk edəcək, bunu etməyəcəkləri təqdirdə, bu və ya digər formada zərərsizləşdiriləcəklər. Bakının amnistiya təklifinin ABŞ tərəfindən dəstəklənməsi Vaşinqton danışıqlarında bu məsələlərin də müzakirə edildiyini deməyə əsas verir. Məhz belə bir məqamda separatçılar təxribatlara əl atmaqla reinteqrasiyanın qarşısını almağa, öz mövcudluqlarını qorumağa çalışırlar.

Sirr deyil ki, danışıqların pozulmasına hesablanmış bu təxribatların sifarişçisi Rusiyadır. Moskva Vaşinqtonun danışıqlarda təşəbbüsü ələ almasına qarşıdır və qanunsuz silahlı dəstələri təxribatlara sövq etməklə prosesi tormozlamaq niyyətindədir. Bu silahlı dəstələrinə Rusiya sülhməramlılarının tam nəzarət etməsi də belə deməyə əsas verir.

Məlumatlara görə, separatçılar yeni təxribatlar da hazırlayırlar. Bununla bağlı hətta görüntülər də var. Məqsəd məhz reinteqrasiyanın qarşısını almaq olduğu üçün təxribatların genişlənəcəyi gözləntisi realdır.

Yayılan görüntülər isə deməyə əsas verir ki, Azərbaycan tərəfinin bundan xəbəri var. Lakin yeni təxribat cəhdlərinin qarşısı qətiyyətlə alıanacağı da bəllidir. Bir hərbçimizin yaralanmasına qarşı ordumuz 5 terrorçunu məhv etdi. Yeni təxribat hücumu olacaqsa, buna qarşı cavab tədbirləri daha genişmiqyaslı olacaq.

Bundan öncə Fərrux, Sarıbaba və digər təxribatlara verilən cavab da deməyə əsas verir ki, suverenliyimizə istənilən təhdidin qarşısını sərt və qətiyyətlə alınacaq.

Proseslər onu göstərir ki, “Qisas” əməliyyatları davamlı ola bilər.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az