Bu gün Mərakeşin Rabat şəhərində ICESCO və Azərbaycan Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüş keçirilib.
Maraqlı, pozitiv, həm də vacib görüşdür. Amma görüşdə ən maraqlı məqam keçmiş və hazırki mədəniyyət nazirinin iştirakı, həm də eyni kadrda fotoobyektlərə poz verməsi oldu. İSESCO-nun rəhbərliyi ortada, keçmiş mədəniyyət naziri Anar Kərimov bir tərəfdə, hazırki mədəniyyət naziri Adil Kərimli bir tərəfdə dayanıb.
Hazırki mədəniyyət nazirinin tədbirdə iştirakı təbiidir.
Bəs Anar Kərimov orada niyə təmsil olunur?
Sələfi xələfini tək qoymamaq üçün Mərəkaşə yollanıb?
Xeyr, bu qədər qeyri-adi suallara ehtiyac yoxdur. Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışır. Yəni Adil Kərimlinin görüşdə iştirakı təbii olduğu kimi, Anar Kərimovun də orada olması təbiidir.
Amma mədəniyyətimizin rəhbərliyinin həm sələfi, həm xələfinin eyni görüşdə olması bütün hallarda maraqla qarşılanır. Həm də Anar Kərimovun mədəniyyətimiz üçün qoyduğu problemli mirası, Adil Kərimlinin bu problemləri düzəltmək üçün nə etdiyini də yada salır.
Və sual yaranır: görəsən, Adil Kərimli Anar Kərimova bu problemlərlə bağlı nəsə deyibmi, yoxsa, əl-ələ verib görüşü yola veriblər?!
Ümumiyyətlə, sələflə xələf mədəniyyətimiz üçün nə edirlər?!
Vaqif Hüseynli Demokrat.az


