Türkmənçay müqaviləsindən keçən iki yüz ildə Qafqazda əsas rolu Rusiya ilə Osmanlı imperiyaları oynayıb. Bu illərdə nələrin olduğu bəlli, diqqətə gətirəcəyim konkret o ki, Atatürkün Rusiya ilə bağladığı bir sıra sazişlər nəticəsində erməni etnik toplumu Türkiyənin şərq ərazilərinə dair iddialarından əl üzdü. Türkiyə də Rusiya torpağının bir hissəsinə olan ərazı iddialarından vaz keçdi.
İran adlanan ərazidə türklərin əsrlər boyu hökm sürdüyü dövrdə, o cümlədən Qacarlar zamanı Azərbaycan (quzey hissəsi də daxil olmaqla) ölkənin ən aparıcı bölgəsi olub.
O dövrdə dövlət xanədanlıq anlayışı idi – hökmdar sülalənin adı ilə adlanırdı. Qacar xanə¬danlığına “Məmaliki Məhruseyi Qacar (Qacarın qorunan məmləkəti)” deyilirdi. Qacarların xəyanətlə devirməsi zamanı Qərbdə artıq dövlət-millət anlayışı forma tapırdı.
Mason məktəbində yetişdirilənlər fürsətdən istifadə edib, Qərbdə olan havadarlarının, xüsusilə Böyük Britaniyanın köməyi ilə “Şahnamə” əfsanəsində qeyd olunan “İran” sözünü ölkəyə ad seçdi və o ölkənin ərazisində yaşayıb yaratmış bütün xalqların, xüsusilə türklərin tarixi və ədəbi irsini mənimsəyib saxta tarix yaratdı. Çar Rusiyasının, sonra da SSRİ-nin nəzarətində olan Azərbaycan farsların bu siyasətindən kənarda qaldı.
Post sovet ölkələrində, xüsusilə Azərbaycanda yaranmış boşluqdan istifadə edərək, İranın keçmiş prezidenti Əli-Əkbər Haşimi Rəfsəncani dövründə farslar I Qarabağ savaşından müm¬kün qədər yararlanmaq və təzyiq rıçaqı kimi istifadə etmək üçün ciddi hərəkətə keçdilər. İran da Rusiya sayaq öz 5-ci kolonunu Azərbaycanda yerləşdirdi. Bu, ikibaşlı oyun siyasəti idi.
Lakin hər bir halda Rusiyanın qırmızı xətlərini heç bir zaman keçmədi. Həmin siyasətin davamı olaraq İranla Azərbaycan Respublikası arasında birmənalı olaraq İranın mənafelərinə xidmət edən, bir sıra sazişlər imzalandı.
Azərbaycan isə, daxili məsələlərini həll etmək və iqtisadiyyatını gücləndirmək üçün İranın müəyyən təxribatlarına və ölkə daxilində at oynatmalarına dözüm göstərdi – daha doğrusu göz yummaq məcburiyyətində qaldı Sulduzlu tanınmış ozan “Araz Elsəs”-də olmaqla Güneydən olan bir çox vətənsevərlərin doğma ölkəsini tərk etmək məcburiyyətində qalmaları, yabançı dövlətlərə sığınmaları məhz İranın təzyiq siyasətinin görküdür.
Nəhayət, Azərbaycan hakimiyyətinin ağıllı və təmkinli siyasəti ilə ölkədə hərtərəfli yüksə¬liş, Rusiya-Ukrayna münaqişəsi, Türkiyənin dünyada və regionda artan təsiri və həlledici gücə çevrilməsi – Qafqazda söz sahibi olması İranın 30 illik ikiüzlü siyasətini bitirdi və fars rejimi mövqeyini itirməmək üçün daha bədbin siyasətə əl atdı. Bu isə qarşıdurma idi. Bu sürədə İranın iki Türk dövləti arasında maneə yarada biləcək yeganə variantı məhz erməni kartıdır. İran Çar Rusiyasından gələn strateji xətlə Azərbaycan və Türkiyəyə qarşı divergensiya – başqalaşdırma siyasətini aparmaq üçün Ermənistandan vasitə kimi istifadə etdiyini açığa çıxartdı. Ancaq Ermənistanin son məğlubiyyətdən sonra bütün parametrlərlə Azərbaycana qarşı durma qüdrətinin olmadığını hər kəsin anladığı halda farsların bu boş mücadiləyə girişmələri yalnız gülüş doğurur.
İranı bu nəticəyə gətirib çıxaran iki əsas səbəb var. Birinci Ermənistanla Rusiya arasında olan müttəfiqlik bağları, qərbin yürütdüyü siyasət nəticəsində, demək olar ki, qırılmağa başlayıb. İkinci məqam ondan ibarətdir ki, post sovet dövründə Rusiya sadəcə dövlətçiliyi çökməsin diyə Ermənistana müəyyən qədər arxa durub, suverenliyini təmin edib və yüz illərdən bəri olduğu kimi, Turan birliyinə qarşı istifadə edir.
Lakin Rusiya həm də Ermənistanin iqtisadiyyatını bərbad edib və özündən asılı saxlayıb. İkinci Qarabağ savaşı gedişində Ermənistan ordusu darmadağın olub, hərbi nöqteyi-nəzərdən demək olar döyüş qabiliyyətini itirib. Belə halda Ermənistan anlayır ki, əhalinin ölkəni kütləvi tərk etməsinin qarşını almaq, geosiyasi baxımdan türk qonşuları əhatəsində iqtisadi inkişafını təmin etmək üçün daha ağıllı davranmalıdır. Bu o deməkdir ki, Ermənistan mövcud vəziyyətin diktələrini görməzdən gələ bilməz. Bu regionda ölkəmizin iqtisadi və hərbi gücü danılmazdır. Başqa sözlə, Azərbaycanın və Türkiyənin Avrasiya tranzit xətti Ermənistan üzərindən təmin edilməlidir. Nəticə etibarilə, Ermənistan qonşuluq siyasətində məntiqli olmağa məcburdur.
Radikal ermənilərin müxalifət donunda N. Paşinyana təzyiqlərinin nəticə verməyəcəyini düşünürük. Çünki, erməni xalqının “Böyük Ermənistan” xülyasından daşınıb, normal həyat amalı ilə Paşinyanın arxasında durmaqdan başqa bir çıxış yolu yoxdur. Məhz bu səbəbdəndir ki, II Qarabağ savaşından dərhal sonra, vaxtından əvvəl keçirilən seçkilərdə məğlub rəhbər ümumxalqın səs çoxluğu ilə yenidən seçildi. Bu, Rusiyaya böyük bir xəbərdarlıq mesajı idi. Çünki, Rusiya zaman-zaman erməni xalqını aşağılayıb. 13 il qabaq İrəvan səfərimdə müşahidə etdim ki, sözdə müstəqil olan Ermənistan Respublikası faktiki olaraq bir əyalət kimi rusların əli ilə idarə olunur.
Siyasi prosesləri və regional münasibətlərdə davranışlarını izlədikcə Paşinyanın erməni xalqının gələcək taleyini müsbət həll etməkdə xilaskar kimi görə bilərik. Yəni onun tutduğu siyasət erməniləri bu çıxılmaz vəziyyətdən xilas edə biləcək yeganə çıxış yoludur. Bir sıra təhdidlərə baxmayaraq, Paşinyanın siyasi manevrləri tam düzgün dəyərləndirilməlidir. Çünki, Ermənistanin geosiyasi gücü bundan artığına imkan vermir. Paşinyan bunu yaxşı bilir.
İranda isə bəzi anti-türk qüvvələr Azərbaycana və Türkiyəyə qarşı erməni faktorunu şişirdib öz maraqları uğrunda oyuna soxmaq istəyirlər. Hətta onlar pərdə arxası vəd edirlər ki, əgər bizimlə anlaşsanız, həm Türkiyənin müəyyən ərazilərinə iddialarınız doğrulacaq, həm də yenidən Qarabağda söz sahibi olmağınıza imkan yaranacaq. (II Qarabağ savaşından sonra Xankəndiyə İran “TIR”-larının qeyri-qanunı ərzaq, yanacaq və silah -sursat daşımaları da bu siyasətin davamı idi). Təbii ki, İran bunun öhdəsindən gələ bilmədi. Faktiki olaraq nə İranın, nə Rusiyanın hal-hazırda Qarabağda manevr edəsi bir gücü yoxdur. Əslində İran Zəngəzur məsələsinə də tamamilə maneə törətmək iqtidarında deyil. Əlbəttə İran bir sıra təxribat layihələrini planlaşdıra bilər. Misal üçün: Zəngəzur ərazisində terrorçu qrupların əli ilə sabitliyi davamlı pozmaqla, silsilə partlayışlarla Naxçıvana yolun açılışında marağı olan tərəfləri bu perspektivdən yayındırmağı düşünə bilərlər. Bu məqsədlə PKK-nın mərkəzi qərargahını İraqın quzeyindən Güney Azərbaycanın Daş Maku rayonuna daşıyıblar.
İrana əks olaraq, Türkiyənin özünəxas üstünlükləri var. Həmçinin, kürdlərin qərb dünyası ilə müəyyən əlaqələri olsa da onların təsiri ilə Zəngəzur dəhlizi ərazisində sabitliyin pozulmasına cəhd etmələrinə qərb ölkələri (Fransa və Yunanıstanı çıxmaqla) ciddi surətdə qarşıdırlar. İranın bu istəkləri Çinın də milli maraqlarına uyğun gəlmir.
Açığını desək, İran nə qədər dirənsə belə, gec-tez Zəngəzur dəhlizinin açılışı həqiqəti ilə zor-xoş barışmalı olacağını anlamamış deyil.
İranda Nədimi adlı bir təhlilçi ekspert bu gerçəkliyə etiraf etmək məcburiyyətində qalaraq deyir: “Biz bu acı həqiqətlə barışmalıyıq”. Hətta ilk dəfə açıqcasına etiraf edir: “Zəngəzur ərazisindən keçəcək kommunikasiya xətləri, bizə (İrana) heç bir məhdudiyyət yaratmır. İranın Avropaya çıxış yolunu kəsməklə bağlı səsləndirdiyimiz iddialar əslində bir siyasi riçaqdır. Biz bəzi nüanslarda Ermənistana təzyiq göstərmək üçün belə bir iddianı ortaya qoyuruq. Əslində isə heç də belə deyil”.
İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani də öz çıxışlarında təkid edir ki: “Orada bizim yolumuz heç yox idi, hələ iddia da edək ki, ora bizim min illik yolumuzdur!”.
Nəticə etibarilə, Zəngəzur məsələsi birmənalı olaraq həll olub. Bütün bunlara rəğmən, İranın kəşfiyyat orqanlarının içindəki müəyyən qüvvələr hələ də ümidlərini itirməyib.
İraqın kürd iqlimindən bələdiyyə başqanını Urmu şəhərinə dəvət ediblər. O da “Böyük Kürdüstan” xəritəsi simvolunu yaxasına taxıb İran Daxili İşlər Naziri ilə yanaşı şəkil çəkdiri, bununla İranın ərazı bütövlüyünü sual altına alır. Bundan başqa, İranın milli komandasının üzvü, kürd futbolçu Vəriya Qəfuri Urmunun Kürdüstan ərazisi olduğunu qışqırır, hakimiyyət bunların hamısına göz yumur. Molla rejimi Şərqi Azərbaycan Əyalətini yeni əyalətlərə parçalamaq istəyir və s. Belə çırpınmalar İranın regionda sonuncu ümidi kimi çör-çöpə əl atmağını əyani göstərir. Bütün bunlar sırf daxili auditoriyani aldatmağa hesablanıb. Təxminən bir ay öncə, pan-irançılar İranın Azərbaycandakı səfiri Musəvini Azərbaycanla mülayim davrandığına görə çox sərt tənqid etdilər. Bunun ardından İbrahim Rəisinin ötən həftə İrandakı Azərbaycan əyalətinə işgüzar səfəri zamanı: “Güney və quzey azərbaycanlıların və hətta dünya azərbaycanlıların vahid bir xalq olaraq, aralarına ayrılıq salmaq siyasəti mümkün və məntiqli deyil” ifadəsi, daxildəki Vəhid Müvəhhidiyan kimi qatı pan-irançıları da o qədər əsəbiləşirdi ki, prezidentə qarşı Twitterdə belə bir ifadəni işlətmək məcburiyyətində qoydu: “Bunlar nə ifadədir?, bu sözləri deyəcəkdinizsə, daha yaxşı olardı Azərbaycana səfər etməyəydiniz!” və s.
Yəni bunlar boşuna zor təlaş etməkdən başqa bir önəm daşımır. Başqa sözlə, bu sayaq davranış küçə savaşında zəif dəlibaş bir uşağın güclü bir gənc qarşısında aciz qalaraq, söyüş və təhdidə əl atmağını sərgiləyir.
Həqiqi siyasət alanında Vəhid Müvəhhidiyan və ona tay insanların düşüncələrini kimsə ciddiyə almır və İranın Daxili İşlər Nazirliyi də bundan istisna deyil. Çünki gerçək siyasətlə emosional yanaşma tam fərqlidir.
Artıq İran anlayır ki, zamanında üstün mövqedən Azərbaycana təzyiq etdiyi kimi, indi də Qafqazda Azərbaycanla Türkiyənin təzyiqlərinə məruz qalıb və qəbul etməlidir.
Başqa bir ikrah doğuran fakt: Azərbaycan İran diplomatlarını “arzuolunmaz şəxs” kimi ölkədən qovur və xəbəri yayır. Bunun qarşılığında, İran eyni hərəkəti edirsə də, xəbəri yaymaqdan çəkinir. Həmçinin, bir il öncə “əyalət mollası”-nın Azərbaycana yönəlik hədəli çıxışlarının tam əkəsinə, indi: “mehriban qonşu, qardaş ölkə” vs. sözlərinin şahidi oluruq. Əslində bu siyasət Azərbaycanın İrana qarşı haqlı və ciddi mövqe tutmasının nəticəsidir və belə də olmalıdır. Nəticədə İran Azərbaycanla münasibətdə yumşaq diplomatiya dilini öyrənməyə başlayıb.
Dünyada super güc olan Amerika, lazım olanda Talibanla da masa başında müzakirə edir və bundan heç də təhqir hissi yaşamır. Hətta İrana dəfələrlə danışıq mesaji ötürüb. İranın quşbeyin generalları və mollaları, bunu Amerikanin İrandan qorxması kimi qiymətləndiriblər! Əslində Amerika gərək olarsa İranı dağıdıcı savaşla çökdürə bilər, amma milli mənafeyini nəzərə alaraq, yersiz zərərdən uzaq durur. Bu ABŞ-ın qorxaqlığı deyil, siyasəti deməkdir. Bu hərəkətlər İran dövlət yönədicilərinin diplomatiyada anlayışlarının kasad olduğunu göstərir. Məhz bu səbəbdəndir ki, İranın Azərbaycana yönəlik bütün siyasəti uğursuzluğa düçar oldu.
Azərbaycan Respublikasının İrana qarşı ən mühüm təzyiq rıçarqlarından biri də, Cənubi Azərbaycanın milli məsələsidir. Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı və daxili icmalarda Cənubi Azərbaycanın milli məsələsini önə çəkməsi və soydaşlarımızın mədəni-siyasi və iqtisadi hüquqlarının bərpa olunması istiqamətdə çıxışları da Güney Azərbaycan Milli hərəkatına tarixi bir fürsət yaratdı. Məncə bu keçici bir sürəcdir və Bakı bu fürsətdən milli mənafeyimiz naminə davamlı faydalanmalıdır. Həm də beynəlxalq prinsiplərə əsasən Azərbaycan Respublikasının buna haqqı çatır ki, milyonlarla soydaşının, daha dəqiq desək, öz torpaqlarında vətənsiz vətəndaşının hüquqlarını müdafiə və tələb etsin.
Üstəlik, İranın da Güney Azərbaycanlılara təzyiq etməsi, hüquqlarını pozması, heç bir milli imkan yaratmaması haqqı yoxdur, milli özgürlüyün müzakirə edilməsi sürəsində, Tehranın özünü müdafiə edəcək heç bir əks arqumenti də yoxdur.
Bu perspektiv tələb edir ki, xaricdə yaşayan Milli hərəkatın tanınmış simaları və təşkilat¬ları Azərbaycan və Türkiyə dövlətləri ilə ciddi müzakirələrə girişib, milli və dövləti maraqları sığortalamaq üçün güclü media və araşdırma mərkəzlərinin qurulması imtiyazını alsınlar. Bu isə hərəkatın kütləvi qalxınması və İranın anti-türk siyasətinin neytrallaşdırılması üçün ən vacib məqamlardan biridir. Sonralar hər hansı səbəbdən Azərbaycan və Türkiyənin siyasəti dəyişsə də, milli hərəkat güclü bir media və təşkilat sayəsində öz yoluna davam edər və gərəkən addımları ata bilər.
Görünür indi İran dövləti məkrli oyunlarla Azərbaycana münasibətlərini danışıq yolu ilə həll etmək mesajını ötürür. Təbiidir ki, Bakı da, Rəfsəncani zamanının əksinə, bu dəfə öz gücünü İrana diktə etmək şərti ilə iqtidarlı bir mövqedən danışığa hazırdır. Bu şəraitdə Güney Azərbaycan öz potensialından maksimum dərəcədə yararlanmağı bacarmasa da, bir növ güc balansı kimi İranı sıxışdıra bilir.
Hər halda, Bakı ən azı bərabər şəraitdə, humanizm prinsipləri ilə müzakirə açmaq istəyər. Yəni keçmişdə əli-qolu bağlı tərəf idisə, indi üstün bir şərait əldə edib və yaxşı bilir ki, İran yeni bir fürsət tapmaq kimi yenə də Azərbaycana qarşı şovinist qəsdlərini hərəkətə gətirəcək. Xoşbəxtlikdən indiki halda İran daxilində Azərbaycanın lobbiçiliyi güclüdür və pan-irançılar da bunu artıq gizlətmirlər və aqressiv halda dilə gətirirlər. Bir çoxlarının bildiyi kimi, son illər bölgədə siyasət dəyişilib. Əsas səbəb Bakının regionda güc balansını öz xeyrinə dəyişdirməsidir. İstər-istəməz İranın uzun illər Azərbaycana zəif bir qonşu kimi baxışını da dəyişib.
Bir daha qeyd edirik ki, İranın yanlış siyasətindən dolayı sanksiyalara məruz qalması, dünya reallıqları ilə barışmaması, nəticədə iqtisadiyyatının bərbad vəziyyəti, Azərbaycanın isə tam bunun əksinə düzgün strategiya üzrə hərbi-siyasi və iqtisadi inkişafı və uğurları, həmçinin qardaş Türkiyə ilə strateji müttəfiqliyi dəngələri dəyişib.
İran isə özünü regionda guya yeganə hegemon dövlət sanmasına görə bu həqiqətlə barışa bilmir. İstər İran hakimiyyətində, istər müxalifətdə olan, daxildə və xaricdəki pan-irançı, anti-türk qüvvələr, artıq infarkt keçirəcək həddində aqressiv hərəkətlərlə çabalayırlar.
Məhz bu səbəbdən fars siyasət ortamında Azərbaycan Respublikasına və Türk Birliyinə qarşı müxtəlif variantlı planlar masadadır. Bu dövlətin rəsmilərinin və dövlət mediasının Cənubi Qafqazla əlaqəli sərgilədikləri mövzuları analiz edəndə pərışan bir situasiyanın yarandığını müşahidə edirik. Əlbətdə hakimiyyət dairəsindən kənarda bəzi nəzəriyyəçilərə, o cümlədən Salar Seyfəddinə, Məhdəviyana və s. qalarsa, bütün tarixi bağları və dünya düzəninə aid humanist prinsipləri pozaraq, Azərbaycanı qeyd-şərtsiz dünya xəritəsindən siləcək bir hücuma keçməyi bir an belə təxirə salmazlar.
Lakin İranın Xarici İşlər Nazirliyində söz sahibi olan bəzi diplomatlar prosesə emosional yox, reallıqlar əsasında yanaşırlar və bu da, Ali məqamlı rəhbər Əli Xameneyiyə yaxın qüvvələrlə onların arasında müəyyən qarşıdurmalara səbəb olur. İran İslam Keşikçiləri Korpu¬su olan SEPAH-ın bəzi komandirlərinin özbaşına çıxışları, hərdən Azərbaycanı hədələmələri də məsələnin yaxın gələcəkdə həllini tapmayacağına əsas verir.
İranın barmaq sayda dost ölkələrindən olan Rusiya bir zamanlar Qafqazda yeganə söz sahibi idi. Putinin Ukrayna bataqlığında ilişməsi səbəbdən vəziyyətin dəyişməsi, bununla da, İranda güclü inflyasiya və qərblə nüvə sazişinin uğursuzluğu onu deyir ki, İranın Azərbaycana və ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasına müvəqqəti problemlər və maneələr yaratmaq istəməsini keçici bir məqam adlandırmaq olar.



