Balakən rayonunda anasının ölümünə səbəb olan qəza törədən Aygün Qarayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, hadisə bu ilin martın 1-də Balakən rayonunun Talalar kəndində baş verib.
Talalar kənd sakini 33 yaşlı Aygün Qarayeva yaşadığı evin həyətyanı sahəsində “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan anası 59 yaşlı Məlahət Qarayevanı vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Məlahət Qarayevaya Balakən rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Məlahət Qarayeva hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Fariz Məlikli Demokrat.az


