"Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində qardaşlıq ruhu var".
Bu sözləri Demokrat.az-a müsahibəsində Türkiyənin Qaziantep Universitetinin müəllimi, dosent, politoloq Əli Fuad Gökçə deyib.
Müsahibəni təqdim edirik:
— Əli bəy, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalamasından artıq 2 il ötür. Bu xüsusi əhəmiyyətə malik Bəyannamənin imzalanması tərəflər arasındakı mütəffiqlik əlaqələrini daha da gücləndirib. Sizcə, Şuşa Bəyannaməsinin ən böyük üstünlükləri nələrdir?
— Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsində olduqca əhatəli maddələr var. Bütün bəyannamələrdə və müqavilələrdə belə maddələr və qarşılıqlı sözlər olur. Ancaq önəmli olan bəyannamələrin ruhudur. Məsələn, Türkiyə İsveç və Finlandiya ilə keçən il Madriddə memorandum imzaladı. Lakin ölkələr arasında hələ də yerinə yetirilməyən maddələr var. Xüsusilə, İsveçin yerinə yetirməyi lazım olan maddələrin olduğunu vurğulamaq lazımdır. Yəni olduqca güclü və əhatəli maddələr var, amma müqavilədə ruh yoxdur.
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində isə bir ruh var. Bu ruh qardaşlıq ruhudur. Bu ruh iki dövlət, tək millət ruhu, habelə bir daha ayrılmayacağımız və bütün çətinliklərə qarşı birlikdə mübarizə aparacağımız mənasını verən ruhdur. Ona görə də Şuşa Bəyannaməsinin ən böyük üstünlüyü hər iki ölkənin bir-birini rəqib və ya fərqli ölkə olaraq deyil, qardaş olaraq görməsidir. Yəni önəmli olan maddələr deyil, iki dövlətli tək millətin qardaşlıq ruhudur.
— Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları ilə bağlı proseslərdə Türkiyənin daha fəal iştirakını görə bilərikmi?
— Azərbaycanla Ermənistan arasındakı görüşlərdə və imzalanacaq sülh sazişində Türkiyənin aktiv rol almağı lazımdır. Əslində bu məsələdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da dəstəklənməyi vacibdir. Paşinyanın Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezidentin andiçmə mərasiminə gəlməyi olduqca önəmli idi. Çünki o, məğlubiyyəti qəbul etmiş, meydandakı və diplomatiyadakı reallıqları, eləcə də tarixi həqiqətləri görən bir şəxsdir. Paşinyan öz adminstrasiyanın qarşısında dayana bilməyərək müharibə başlatmış, məğlubiyyətə uğramış və reallıqları görmüş bir liderdir. Ancaq Ermənistanındakı müxalifət və mövcud diasporlar ona ciddi müqavimət göstərirlər.
Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının müsbət yekunlaşmaması üçün əllərindən gələni edirlər. Paşinyan da bu məsələdə ciddi təzyiq altındadır. Türkiyə isə Azərbaycanla Ermənistan arasındakı görüşlərdə və sülh müqaviləsinin imzalanmasında aktiv rol oynayaraq, bölgəyə sülh və sabitlik gətirə bilər.
Düşünürəm ki, rəsmi Ankarada bu məsələdə fəal iştirak edərək Ermənistanı masaya oturda bilər.

— Hazırda İsveçin NATO-ya üzvlük məsələsi qalıb. Məlum təxribatların ardından rəsmi Ankara mövqeyini açıq şəkildə bildirərək, İsveçin alyansa üzvlüyünə qarşı çıxmışdı. Son dönəmlərdə isə bu istiqamətdə müəyyən irəliləyişlərin olduğu görünür. Yaxın perspektivdə Türkiyə İsveçin NATO-ya üzv olmasını təsdiqləyə bilərmi?
— Türkiyənin İsveç və Finlandiya ilə imzaladığı memorandumda istədiyimiz xüsusi nüanslar var. Yəni təhlükəsizlik təşkilatına üzv olmaq istəyən İsveç oranın ən köhnə üzvlərindən birininə hücum edən, təhlükəsizliyini təhdid edən bir terror qruplaşmasına dəstək olur. Türkiyə də bunu istəmir və konkret şərtlər irəli sürüb. Finlandiya memorandumun şərtlərini yerinə yetirsə də, İsveç müxtəlif bəhanələrlə şərtlərdən yayınmağa davam edir.
İsveç Konstitusiyasında terrorla bağlı bəzi dəyişikliklər etsə də, bu, meydana təsir etmədi. Yəni hələ də orada nümayişlər keçirilir. NATO-nun baş katibi Yens Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə gələndə də İsveçdə terrorçular tərəfindən Türkiyə əleyhinə nümayiş keçirilirdi. Üstəlik, Türkiyənin istədiyi terrorçular hələ də ekstradisiya edilməyib.
Ərdoğanın Azərbaycandan qayıdanda "İsveç bu vəziyyətdə bizdən fərqli bir davranış gözləməsin" açıqlaması bu ölkənin NATO-ya üzv olmasının təsdiqlənməyəcəyini göstərir. Ancaq 11-12 iyula qədər İsveç memorandumda yazılan maddələrə əməl etsə, terrorçuların nümayişlərinə əngəl olsa və istənilən terrorçuları ekstradisiya etsə, onda rəsmi Ankara onun alyansa üzv olmağını təsdiqləyər. Amma Prezident Ərdoğanın da dediyi kimi indiki vəziyyətdə belə bir sözdən danışmaq mümkün deyil.
— Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra Şimali Kipr Türk Respublikası və Azərbaycana səfər etdi. Ərdoğan Şimali Kiprin tanınması istiqamətində addımların atılacağını bəyan etdi. Ümumiyyətlə, Şimali Kipr Türk Respublikasının tanınması istiqamətində hansı addımların atılması gözlənilir?
— Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasını və Azərbaycana səfər etməsi bu iki qardaş ölkəyə verdiyi önəmi göstərir. Şimali Kipr də artıq tanınmağı haqq edir. Avropa Kipri bütöv olaraq düşünür, oradakı türklərin varlığını və müstəqilliyini qəbul etmir. Üstəlik, Cənubi Kipri dövlət kimi tanıyır və Avropa İttifaqına üzv edirlər.
Ümumiyyətlə, ABŞ və Qərb ölkələrinin Şimali Kipr Türk Respublikasını tanıyacağını gözləmək mümkün deyil. Onsuz da həmin ölkələrin də bu addımı atacağını düşünmürük. Ancaq Azərbaycan və digər türk dövlətləri, eləcə də Pakistan və Rusiya kimi ölkələrin mütləq şəkildə Şimali Kipr Türk Respublikasını tanımağı lazımdır. Şimali Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qatılması da bunun ilk addımlarıdır. Artıq son addımlara keçmək lazımdır. Qardaş dövlətlərin Şimali Kipr Türk Respublikasını tanımasının ardından, digər dövlətlərin də tanıması üçün diplomatik fəaliyyətlər aparılar. Yəni biz dost və qardaş ölkələrin Şimali Kipr Türk Respublikasını tanıyaraq, dünyaya elan etmələrini gözləyirik.
— Ukrayna müharibəsi başladıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəflər arasında sülh olması üçün əsas vasitəçilik edən lider olaraq ön plana çıxdı. Onun birbaşa vasitəçiliyi ilə tərəflər arasında "Taxıl sazişinin" imzalanması ilə qida böhranının qarşısının alındığına da şahid olduq. Bir çox ekspertlər Vladimir Putin ilə Volodimir Zelenskinin Türkiyədə görüşməsinin mümkün olduğunu bildirirlər. Hətta Ukrayna lideri də bir neçə dəfə sözügedən görüşün İstanbulda baş tuta biləcəyini elan edib. Xüsusilə seçkilərdən sonra bu görüşün Türkiydə keçirilməsi daha da aktuallaşıb. Bu görüşün keçirilməsi ilə bağlı ən son məlumatlar nələrdir?
— Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO və Qərb ölkəsi məhz Türkiyədir. ABŞ və Qərb ölkələri isə bunu həzm edə bilmədi. İndiyə qədər Rusiyaya qarşı sanksiyalara qoşulması üçün Türkiyəyə təzyiqlər göstərilir. Ümumiyyətlə, Türkiyənin sanksiya tətbiq etməməsi Rusiya üçün "nəfəslik" rolunu oynadı. Həmçinin, həm Ukrayna, həm də Rusiya prezidentləri ilə görüşə bilən tək Qərb lideri Rəcəb Tayyib Ərdoğandır. Məhz onun sayəsin də "Taxıl sazişi" imzalandı.
Türkiyə tərəfləri hər dəfə görüşdürəndə bəzi ölkələr tərəfindən təxribatlar həyata keçirilir. Rəcəb Tayyib Ərdoğan hazırda Vladimir Putin və Volodimir Zelenskini bir araya gətirərək, atəşkəsin olması və bölgəyə sülhün gətirilməsi üçün addım atacağı mütləqdir. Ancaq başda ABŞ və İngiltərə olmaqla, bəzi ölkələr bu regionda müharibənin bitməsini istəmirlər. Ona görə də Türkiyənin səmimi olaraq atacağı addımları əngəlləmək üçün müxtəlif təxribatlara əl ata bilərlər. Bunlar arasında Qaradənizdəki boru xətlərinə hücum, Rusiya və ya Ukraynanın müxtəlif hədəflərinə qarşı təxribatlar baş verə bilər. Bütün bunlar isə tərəfləri masadan uzaqlaşdırar. Ona görə də bunlara çox diqqət etmək lazımdır.
Hesab edirəm ki, Putin və Zelenskinin bütün təxribatları gözardı edərək, masaya gələrək atəşkəs, ardınca isə sülh müqaviləsi imzalanması istiqamətində addımlar atmalıdırlar. Fikrimcə, Rəcəb Tayyib Ərdoğan da bununla bağlı lazımi fəaliyyəti göstərəcək.
Elmir Kamal Demokrat.az


