Lənkəran rayonunda 1977-ci il təvəllüdlü Arif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Məhəbbətə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 12-də Lənkəran rayonu Biləsər kəndində baş verib.
Arif mübahisə zəminində yaranan münaqişə zamanı Məhəbbəti qəsdən itələyərək yerə yıxıb.
Nəticədə Məhəbbət müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisəni törədən Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona verilən ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailəlidir, 2 uşaq atasıdır, heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur:
“2-ci qrup əliləm və pensiya alıram. İş üzrə zərərçəkmiş şəxs Məhəbbət mənim qohumudur. Hadisə günü, saat 14.30-da Məhəbbət yaşadığım evə gələrək, nə səbəbə meşədə ağac kəsməyi barədə meşəbəyinə yalan məlumat verdiyimi dedi. Məhəbbətə xəbərim olmadığını dedim. Məhəbət də inanmayaraq əsəbi şəkildə ünvanıma nalayiq ifadələr işlətdi. Məhəbbətə söyüş söyməməsini və çıxıb getməsini bildirdim. Məhəbbət isə üzərimə gedərək sol göz nahiyəmə yumruq zərbəsi endirdi. Əsəbləşərək onu arxaya itələdimr və Məhəbət də arxaya gedərək başı qarajın qapısına dəyərək partladı”.
İş üzrə zərərçəkmiş Məhəbbətin sözlərinə görə, Arif ona zəng edərək meşə ərazisində ağac kəsməyini deyib:
“Mən isə meşədə ağac kəsmədiyimi bildirdim. Lakin Arif telefon danışığı zamanı ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən əsəbləşərək hadisə günü saat 14.30-da Arifin yaşadığı evə getdim. Arifin həyətində olan zaman ona nə səbəbə şər böhtan atdığını və ünvanına nalayiq ifadələr işlətdiyini soruşdum. Arif isə mənə meşədə ağac kəsdiyimi deyərək nalayiq ifadələr işlətdi. Əsəbləşərək Arifin sol göz nahiyəsinə yumruq zərbəsi endirdim və arxaya çəkildim. Arif isə qəsdən məni itələdi və arxaya yıxılaraq başım qarajın qapısına dəydi. Bu zaman başım partladı. Həmin zaman qohumum Şadoğlan da ora gələrək məni evinə apardı”.
Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Arifin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


