Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkənin İctimai Televiziyasına müsahibəsində bəzi diqqətçəkən fikirlər səsləndirib. O, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirildiyini deyərək, sazişin ilin sonuna kimi imzalana biləcəyini diqqətə çatdırıb. Lakin sülh danışıqlarının davam etdiyi müddət ərzində mütəmadi olaraq erməni tərəfi Azərbaycan sərhəddində təxribatlar törətməkdə davam edir.
Ermənistan rəsmisinin səsləndirdiyi fikirlər nə qədər səmimi və həqiqətə uyğundur?
Həqiqətənmi, 2023-ci ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər?
Yaxud Qriqoryan səsləndirdiyi fikirlərlə sərhəddəki təxribatları ört-basdır etmək niyyətindədir?
Məsələ ilə bağlı politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan rəsmilərinin ümidverici bəyanatlarının bu günə kimi heç bir əsası olmayıb:
"Ümumiyyətlə, Ermənistan rəsmilərindən səmimiyyət gözləmək sadəlövhlük olardı.Ermənilər səmimi olsalardı sərhəddə ordu yığmazdı. Ermənistanın indi də ilin axırını işarə etməsini çox eşitmişik. Ümidverici bəyanatlarla vaxt qazanmaq istəyirlər ki, bəlkə beynəlxalq geosiyasi durumda dəyişiklik olar və onlar da bundan istifadə edərlər.
Azərbaycanın artıq belə bəyanatlara inanan dövrü çoxdan keçib. Əgər Azərbaycan sülhü tezliklə bağlamaq istəyirsə, erməni tərəfi bundan ağılla istifadə etməlidir. Çoxbilmişlik edib, oyun oynamaq onlar üçün baha başa gələcək. Onsuz da erməni siyasətçilərinin strateji ağlı dayazdır. Azərbaycanın səbrinin sonsuz olmadığını gördülər. Bir daha bu səbri sındırmaq fikrinə düşməsinlər. Əgər, Azərbaycan ermənilərə sülh təklif edirsə, düşünmədən bunu qəbul etsinlər. Sonra gec olacaq".
Şəhanə Demokrat.az


