Kriminal Özəl

Qubada gənc oğlan həmkəndlisinə xəsarət yetirdi

Qubada gənc oğlan həmkəndlisinə xəsarət yetirdi

Quba rayonunda 1999-cu il təvəllüdlü Mürsəl şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vəliyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 23-də Quba rayonu, Tülər kəndində baş verib.

Mürsəl aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Vəlinin sifətinə yumruq və təpiklə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Mürsəlin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürsəl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, hadisə günü, saat 17 radələrində həmkəndlisi Əli ilə birlikdə Vəlinin avtomobili ilə Quba şəhərinə gediblər:

“Orada çay içib geri kəndə qayıtdıq. Kənd yolunda mağazadan araq aldıq və Vəli ilə birlikdə içdik. Maşında Vəli mənim atam haqqında danışdığı üçün aramızda mübahisə yarandı. Lakin bir qədər sonra sakitləşdik.

Avtomobildə olan sənişin Əlini Tülər kəndinin çay hissəsinə düşürdən zaman mən də avtomobildən düşdüm. Əvvəlki mübahisəmizi xatırladaraq, atamın barəsində danışdığına görə Vəliyə irad bildirdim. Bu vaxt Vəli atamın ünvanına kobud ifadələr işlətdi. Mən də Vəlinin sərxoş olduğunu gördüm və evə getməsini təklif etdim. Atam haqqında danışmamasını dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, onun sözləri Vəlinin xoşuna gəlməyib:

“Mənə söyüşlə cavab verdi. Mən də əsəbləşdim və Vəlinin başına, sifətinə və bədəninin müxtəlif yerlərinə yumruqla, təpiklə vuraraq yerə yıxdım. Daha sonra onu döydüm. Əli bizi ayırdı və biz piyada evimizə getdik. Vəli isə oz avtomobilinə minərək getdi”.

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Mürsəlin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az