Xarici siyasət Özəl

Politoloq: “Ermənistan müstəqil qərarlar qəbul edə bilmir”

Politoloq: “Ermənistan müstəqil qərarlar qəbul edə bilmir”

“Son dövrlər diplomatik səylərin artması və bir sıra ölkələrdə keçirilən görüşlər belə bir təəssürat yaradırdı ki, sülh prosesi intensiv şəkildə irəliləyir. Həmçinin, növbəti xarici işlər nazirlərinin 12 iyuna nəzərdə tutulmuş Vaşinqton görüşündə də proses müəyyən qədər irəliyə aparıla bilər. Bundan əlavə, Moskvada baş nazir müavinlərinin kommunikasiyaların açılmasıyla bağlı keçirilən görüşləri bu optimist ovqatı bir qədər də artırmışdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, Ermənistan və Ermənistanı sülh prosesini əngəlləməyə təşviq edən qüvvələr sülh prosesini hər vəchlə ləngitməyə çalışırlar:

“Ermənistan baş nazirinin 7-9 iyunda Soçi səfəri və Rusiya rəhbərliyi ilə keçirələcək görüşlərdən sonra Vaşinqton görüşü təxirə salındı. Əlbəttə ki, bu görüşün təxirə salınması müəyyən suallar doğurur və bir daha o qənaətə gəlinir ki, Ermənistan müstəqil qərarlar qəbul edə bilmir.

Görünən odur ki, tərəflər arasında müəyyən gərginliklər var və məhz bu gərginliyin nəticəsində Vaşinqton görüşü təxirə salınıb.

Hesab edirəm ki, bu prosesin ləngiməsi və Ermənistanın da mövqeyindəki bu təzadlar xüsusilə Rusiyadakı görüşdən sonra artıb. Sülh prosesinə əngəl törətmə imkanları kifayət qədər yüksək olduğundan məhz Rusiyanın təsiri ilə bu proseslərdə, zənnimcə, müəyyən durğunluq yarana bilər”.

Şəhanə Demokrat.az

D
demokrat.az