Balakən rayonunda 1989-cu il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində həyat yoldaşı Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Balakən rayonun kəndində ailəsi ilə birlikdə yaşayır:
“Südabə ilə 10 ildir ki, rəsmi olaraq ailə qurmuşam və birgə nikahımızdan 2 övladımız var. Südabə ilə əvvəllər aramızda qısqanclıq zəminində söz mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 11.30-da yaşadığı evə gəlib:
“Həmin vaxt evin pəncərəsinin açıq olduğunu gördüm. Südabədən evin pəncərəsini bağlamasını xahiş etdim. Lakin Südabə sözümə məhəl qoymadı. Buna görə də əsəbləşdim və Südabə ilə mübahisə etdim. Mübahisə zamanı Südabə mənimlə kobud danışdığı üçün onun baş, sifət və bədən nahiyyələrinə yumruq, təpik zərbələri vurdum. Nəticədə ona xəsarət yetirdim”.
Taleh deyib ki, hadisədən sonra evdən çıxıbm və idarə etdiyi avtomaşına əyləşərək rayonun mərkəzinə gedib:
“Bu vaxt Südabənin Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və barəmdə şikayət etməsini bildim. Baş vermiş hadisə zamanı yanımızda başqa heç kim olmayıb. Hadisə evin içərisində baş verib. Cinayət əməli törətməyimi etiraf edirəm. Bu əməli törətməyimdən səmimi peşmançılıq hissi keçirirəm”.
Bu cinayət işinə Balakən rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Talehin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


