Bu gün Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanması ilə bağlı saziş imzalanıb.
Demokrat.az xəbər verir ki, imzalanma mərasimi Kremlin rəsmi saytından canlı yayımlanıb.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi videobağlantı ilə imzalanma mərasimində iştirak ediblər.
Sazişi Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıb. Mərasimdə Rusiya tərəfdən Baş nazirin müavini Aleksandr Novak da iştirak edib. Bildirilir ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək bu xətt marşrutun iqtisadi səmərəliliyini artıracaq.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə jurnalistlərə bildirib ki, layihənin ümumi dəyəri 1,6 milyard avrodur: “Bu layihənin həyata keçirilməsi üçün dövlətlərarası kredit ayrılır - 1,3 milyard avro. Eyni zamanda, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Dövlətlərarası kreditdə Rusiyanın payı 85% təşkil edir”.


