Azərbaycan Mərkəzi Bankının (AMB) “Günay Bank”ın lisenziyasının ləğvi ilə bağlı qərarı suallar doğurur.
Bunu “APA-Economics”ə açıqlamasında maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, AMB-nin bankın lisenziyasının ləğvi ilə bağlı əsaslandırmasını bir neçə əsas bankı çıxmaq şərtilə bütün bazara aid etmək olar: “Məsələn, məndə olan məlumata görə, “Muğan Bank”ın kapital göstəriciləri daha pisdir. Problemli kreditləri daha çoxdur. Bəlkə daha pis vəziyyətdə olan banklar var, amma gizlədilir. Halbuki, “Günay Bank”ın problemli krediti olmayıb”.
Əkrəm Həsənov qeyd edib ki, AMB-nin açıqladığı meyarlarla bir neçə bank istisna olmaqla istənilən bankın lisenziyasını ləğv etmək olardı. “Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib. Bankın açıqladığı rəqəmlərə əsasən, məcmu kapital 67 milyon manatdan çox olub. Digər tərəfdən, “Günay Bank” iyul ayının 5-nə səhmdarların ümumi yığıncağını keçirib, kapital artımına gedəcəyini açıqlamışdı. Bunu Mərkəzi Bank da bilirdi. Bu halda bankın lisenziyasını ləğvetmə qərarı özü sual doğurur”.
Bankda qalan şirkətlərin vəsaitləri və əmək haqqlarına gəlincə, ekspert bildirib ki, bu növbəlilik əsasında həyata keçiriləcək: "Təyin olunacaq ləğvedici, yəni Əmanətlərin Sığortalanması Fondu əvvəlcə sığortaladığı vəsaitləri, yəni 38 milyon manatı və bununla bağlı xərclərini qarşılayacaq. Sonrakı mərhələdə bankdan əmək haqqı alan vətəndaşların vəsaitləri, bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri icra edilir. Hüquqi şəxslərin bankdakı vəsaitləri, o cümlədən sığortasız əmanətlərin taleyi isə sual altındadır. Ləğvetmədə olan banklarda vətəndaşlar illərdir ki, vəsaitlərini geri ala bilmirlər".


