Bakının Nizami rayonunda arvadını bıçaqlamaqda ittiham olunan 1978-ci il təvəllüdlü Rəfail Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə bu ilin yanvarın 6-da Nizami rayonunda, İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Rəfail Quliyev kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Xalidə Quliyevanın qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib.
Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Rəfail Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


