Bu lin may ayında SOCAR “Azəriqaz” İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlanıb.
Demokrat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
O deyib ki, “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq:
“Əməkdaşlıq çərçivəsində, qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alınacaq, qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasını təmin ediləcək”.
Qeyd edək ki, yerli sahibkarlığın və yerli istehsal potensialının inkişafı məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında imzalanan sənəd dövlət başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb.
Aysu Demokrat.az


