Kriminal Özəl

Bakıda kafedə gənclər arasında qanlı DAVA

Bakıda kafedə gənclər arasında qanlı DAVA

Bakının Binəqədi rayonunda 1999-cu il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Vüsala xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 2-də baş verib.

Həmin gün gecə saat 01.45-də Binəqədi rayonu, DSK yolunda yerləşən “Yubiley” adlı kafedə əvvəllər tanımadığı Vüsalın ona xəsarət yetirmək istədiyini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan üzərində olan bıçaq ilə qarın nahiyəsindən bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, atası və nənəsi ilə birlikdə Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır:

“Müxtəlif yerlərdə fəhlə kimi işləyirəm. Aprelin 1-də, saat 23.45-də dostlarım ilə birlikdə DSK yolunda yerləşən “Yubiley” adlı kafeyə getdim. Orada masaların birində əyləşərək yemək və spirtli içki sifariş etdik. Həmin zaman kafedə bizdən başqa bir neçə nəfər də olub. Bir müddətdən sonra kafeyə tanımadığım şəxslər daxil oldu və masaların birində oturdular. Saat 01.00-da həmin şəxslər yüksək səslə mübahisə etməyə başladılar. İçkili olduğumdan onların bu hərəkətləri məni əsəbləşdirdi və onların yanına getmək qərarına gəldim. Bu səbəbdən masadan duraraq mübahisə edən şəxslərə tərəf getdim. Bu zaman adını sonradan bildiyim Vüsal adlı şəxsin əlində pivə bokalı üstümə gəldiyini gördüm. Vüsalın əlindəki pivə bokalı ilə məni vuracağını fikirləşdim və şalvarımın arxa cibində saxladığım bıçağı çıxararaq onun qarın nahiyyəsinə bir dəfə zərbə vurdum. Daha sonra kafedən çıxdım və yaşadığım məhəllə istiqamətində qaçdım. Yolda olarkən bıçağı yerə atdım. Bıçağı hara atdığımı xatırlamıram”.

Təqsirləndirilən şəxs qeyd edib ki, cinayətdə istifadə etdiyi bıçağı hadisədən 10-15 gün əvvəl sosial şəbəkə vasitəsi ilə təxminən 24 manata alıb:

“Bıçağı almağıma səbəb 2022-ci ilin mart ayının əvvəllərində bir mübahisə ilə bağlı dalaşanları ayıran zaman aldığım bıçaq xəsarəti ilə bağlı olub. Həmin bıçağı özümü müdafiə məqsədi ilə üzərimdə saxlamışam. Yaşadığım məhəllədə olduğum zaman polis əməkdaşları gələrək məni polis bölməsinə apardılar. Orada etdiyim əməli səmimi etiraf etdim”.

Təqsirləndirilən şəxs deyib ki, hazırda törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışın, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti yoxdur: “2020-ci ildən könüllü olaraq, səfərbərlik əsasında 2-ci Qarabağ müharibəsində iştirak etmişəm. 2021-ci ildə ordudan təxris olunmuşam. Hərbi əməliyyatlar zamanı Fizuli rayonu, Kərimbəyli kəndində mina partlaması nəticəsində travma almışam. Lakin dəstə komandiri olduğumdan hospitala müalicə olunmaq üçün müraciət etməmişdim. 2-ci Qarabağ müharibəsində iştirakım ilə bağlı təltiflərim var”.

Elmar deyib ki, hazırda sevdiyi xanımla ailə həyatı qurmağa hazırlaşır. O, qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 3 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evi axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi öhdəliyi qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az