"30 il ərzində torpaqlarımızı işğal altında saxlayan ermənilərin başqa işi gücü olmayıb, onlar ərazilərimizdə ancaq mina basdırmaqla məşğul olublar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında ANAMA yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu deyib.
O bildirib ki, Qarabağda ərazilərin böyük hissəsi minalanıb:
"Son 10 gündə Tərtərin Talış istiqamətində üç böyük hadisə baş verib. Mina partlaması nəticəsində iki vətəndaşımız ayağına itirib, hətta çox sayda ölənlərimiz var. Yeri gəlmişkən, biri də bizim təşkilatın əməkdaşı olub. Sonuncu hadisədə isə 3 nəfər faciəli şəkildə dünyasını dəyişdi.
Azərbaycan bu gün dünyanın ən çox minalarla çirkləndirilmiş ölkələri sırasındadır. Hətta, deyərdim birinci onluqdadır. Azərbaycan hələ bu problemlə xeyli mübarizə aparmalı olacaq.
Baxmayaraq ki, insanlarımızın geri qayıdışı ilə bağlı proqramlar həyata keçirilir, infrastruktur layihələri, yolların çəkilişi, su xətlərinin çəkilişi və s. həyata keçirilir. Amma kənd təsərrüfatı üçün yararlı ola biləcək torpaqlarımızın böyük hissəsi minalanıb".
U.Rəhimoğlu əlavə edib ki, beynəlxalq ictimaiyyət bu problemlərə hər zaman biganə münasibət bəsləyib:
"Sülhməramlıların nəzarəti altında olan və digər ərazilərimizə də bu gün minalar yerləşdirilir. Yaxın zamanlarda Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması böyük uğurlarımızdandır.
Hesab edirəm ki, bununla bütün sərhədlərimiz boyunca vəhşi düşmənin artıq bütün ərazilərimizin minalamaq məsələləri aradan qaldırılacaq.
Təəssüf ki, biz uzun illər bu problemlə rastlaşacağıq. Ona görə də hər kəs ehtiyatlı olmalıdır. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar.
Əfsuslar olsun ki, həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır".
Şəhanə Demokrat.az


