"Əjdər Ol çox gözəl yazıçı, şair və dəyərli insandır. İndi onun həbsdə olması hər birimizi üzür. Çünki Əjdər Ol ədəbiyyatımızda xüsusi yeri olan bir imzadır. o, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və tanınmış nümayəndələrindən biridir. Hamımız Əjdəri ləyaqətli, namuslu, doğru, dürüst bir insan kimi tanıyırıq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQTF) prezidenti Rauf Zeyni deyib.
O, bildirib ki, gələn ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamından gözləntiləri böyükdür:
"İnanıram ki, cənab Prezidentimiz Əjdər Olun da əfv olunmasına öz müsbət rəyini verəcək. Təbii ki, belə bir dəyərli insanın həbsdən azad olunmasını bütün ziyalılar arzulayır. Əjdər Olun Ulu öndər Heydər Əliyevin çevik siyasi dühası, ali insani keyfiyyətləri və müdrik dünyagörüşləri barədə yazdığı kitab da onun çoxşaxəli yaradıcılıq məziyyətlərinə malik olduğunu göstərir. İnşallah, tezliklə belə bir istedadlı və vətənpərvər yazarın həbsdən azad edilməsinin şahidi olacağıq".

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Nəzrin Hüseynli Demokrat.az


