Son bir neçə aydır ki, daşınmaz əmlak bazarındaevlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Əvvəllər köhnə tikili binalarda iki otaqlı mənzillər 70-80 min manata təklif edilirdisə, hazırda 100 min manata belə mənzil tapmaq müşkülə çevrilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Demokrat.az-a açıqlamasında deyib ki, mənzil bazarında bu ilin birinci rübü ərzində təxminən qiymətlərdə 5 faizlik artım müşahidə olunur.
Ekspertin sözlərinə görə, Ukrayna-Rusiya savaşından sonra Rusiyadan Bakıya gələn vətəndaşlarımızın sayında da artım müşahidə edilməkdədir:
"Amma, bahalaşmanı sırf bununla bağlı olduğunu deməzdim. Ümumən mənzillərə tələbat çox olduğuna görə, belə artım müşahidə olunur. Təkrar mənzil bazarında bu qiymət artımı var. Yeni tikili olan binalarda, ilkin mənzil bazarı dediyimiz hallarda isə bu artım hələki müşahidə olunmur. Yəni, bahalaşma sırf tələbat yüksəkdir deyə baş verir. Azərbaycana keçən il bu məsələlər təsir etdi.
Ukraynadan, xüsusilə də Rusiyada yaşayan soydaşlarımızın burada mənzil almaq istəməsi, ümumiyyətlə, miqrantların burada ən azı 100 min manat civarında olan daşınmaz əmlaka sahib olmaları, onlara burada yaşamaq hüququnu verir. Ən azı bu səbəbdən gələn miqrantlar mənzilə maraq göstərirlər. Bu bir faktor olaraq var, amma tam bununla bağlı olduğunu deməzdim.
Ümumiyyətlə, mənzillərin bahalaşması bir neçə səbəbdən baş verir. Ən əsas səbəb odur ki, bazarda tələbat daha artıqdır, təklif isə azdır. Yəni satışa çıxarılan mənzillərin sayı keçən illərlə müqayisədə azalıb".
Aynurə Demokrat.az


