Xəbər verdiyimiz kimi, zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Siyahı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.
Məsələyə ilə bağlı tanınmış bəstəkar Vüqar Camalzadə Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən siyahıda olandan da qat-qat artıq zərərli mahnılar var:
"Onların hamısının da adını bu siyahıya salmaq olar. Bundan sonra nə baş verəcək? Əlbəttə ki, heç bir şey. Çünki bütün bu mahnılara qarşı, əgər mahnı deyə bilsək, bir mexanizm olmalıdır. Bu cür mahnılar əsasən gənclər tərəfindən dinlənilir. Bu sahədə elə təbliğat işlənməlidir ki, həmin musiqilər gənclər tərəfindən maşınlarda, diskotekalarda, telefonlarında dinlənilməsin.
Bəs bunun mexanizmi necə olacaq? Bunun haqqında heç nə yazılmayıb. Siyahıya 1000 dənə ad yazaq. Bilirik ki, bunlar yaxşı mahnılar deyil. Həm söz, həm də musiqi baxımdan əxlaqi-mənəvi dəyərləri korlayır. Bəs hansı mexanizm bunların təbliğatına son qoyacaq?
Elə ideoloji düşüncə mexanizmi olmalıdır ki, insanlarda bu mahnılara qarşı ikrah hissi yaratsın. Onların şüurlarında "qulaq asmaq olmaz" deyə bir fikir formalaşdırılmalıdır. Bax, bunların üzərində ciddi işləmək lazımdır. Yoxsa bu siyahını daha da uzatmaq olar".
Şəhanə Demokrat.az


