"Qardaş Türkiyənin belə bir yeniliyə imza atması dünyada gedən elektromobil proseslərində bir türk, bir müsəlman ölkəsi kimi bizim də rolumuzu ortaya qoydu. Yəni, bizim deyəndə, Türkiyə və Azərbaycan qardaşlığını nəzərdə tuturam. Əlbəttə ki, Türkiyənin uğuru bizim də uğurumuzdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı Türkiyənin yeni istehsal etdiyi "Togg" avtomobili ilə bağlı fikirlərini bölüşərkən deyib.
Ekspert hesab edir ki, bu avtomobillərin kütləvi istehsalı biraz düşündürücüdür:
"Çünki qısamüddətdə bunu gözləyə bilmərik ki, hər an 100-150 avtomobil istehsal edəcəklər. Bu, biraz çətindir. Texnologiyaların tətbiqi və s. məsələlər bizi biraz düşünməyə vadar edəcək. Ola bilsin ki, dünya avtomobil bazarında baş verən bu təlatümlər müəyyən təsirini göstərəcək. Çünki Yaponiya, Almaniya kimi ölkələrin nəhəng avtomobil istehsalçıları cift problemi ilə əlaqədar istehsal prosesini aşağı salıblar. Bu gün elə insanlar var ki, iki ildir maşın sifariş verib, onu gözləyir. Çünki istehsal aşağı düşüb".
Elməddin Muradlı bildirib ki, qardaş Türkiyənin bu uğuruna Azərbaycanda hər kəs sevinir:
“Düşünürəm ki, bu cift problemini və texnoloji problemləri nəzərə alıb qabaqlayıcı tədbirlər görsələr, sözsüz ki, bu avtomobillərin dünyada reytinqi böyük olacaq. Həmçinin, türkdilli dövlətlər arasında satışı təmin olunsa, Türkiyəyə çox böyük faydası ola bilər. Azərbaycanda bu maşın artıq kifayət qədər təbliğ olundu. Kütləvi istehsal olsa və burada da rəsmi satış mərkəzi yaradılsa, insanlarımızın bu maşına marağı böyük olacaq. Fikrimcə, Çinin və başqa ölkələrin elektrik avtomobillərinə göstərdiyimiz marağı elə türk qardaşlarımızın istehsal etdiyi avtomobilə göstərmək daha yaxşı və faydalı ola bilər. Ən azından avtomobil servis xidmətini, ehtiyat hissəni tapa biləcəyik".
Aynurə Demokrat.az


