"Azərbaycana qarşı dezinformasiyalar təkcə xarici ölkələrdən yayılmır. Ancaq xüsusi təhlükəli formalı dezinformasiyalar məhz xarici ölkələrdən yayılanlardır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.
Onun sözlərinə görə, xüsusilə son dövrlərdə bu sahədə çox hiyələgər üsullardan istifadə edilir:
"Yəni, daha inandırıcı görünməsi üçün bu dezinformasiyanı daxili mənbələrdən də yayırlar. Hesab edirəm ki, bunun qarşısının alınması üçün sistemli tədbirlər görülməlidir. Əvvəllər kimin ağlına nə gəlirdisə yayırdı, indi dezinformasiya ayrıca bir institutdur, ayrıca industriyadır. Necə ki, media industriyadır, bax o cür də indisturiya yaradılıb. Bunun yaradılmasında və hazırlanmasında çox güclü proqramlardan, texniki imkanlardan, süni intellekdən istifadə olunur. Odur ki, buna uyğun da Azərbaycan daxilində hazırlıq getməlidir. Yəni, yerli mütəxəssislər hazırlanmalı, bu cür proqramlar işlənməli və müvafiq layihələr icra olunmalıdır.
Bildiyimə görə, Ermənistanda hələ 2001-ci ildə yaradılmış dezinformasiya ilə bağlı peşəkar mərkəz var. Hansı ki, orada mütəxəssislər hazırlanır. 2021-ci ildən bu işlər Ermənistanda daha da sürətləndi. Ukraynada bununla bağlı 2006-cı ildən çox ciddi tədbirlər planı həyata keçirilir. Bizdə isə bəzən treninqlər keçirilir, xırda layihələr icra olunur. Amma, dediyim kimi, mən burada ağıllı və düşüncəli yanaşma tərzi görmürəm. Dezinformasiya sadəcə kiminsə şıltaqlığıdır və bu şıltaqlığa qarşı müəyyən fəaliyyət kifayət edir. Dediyim kimi, bu indistustriyadır və buna qarşı da adekvat hazırlıqlar görülməlidir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada ən böyük dezinformasiya istehsalçısı hesab olunan qonşu dövlətlər arasında yerləşir. Təkcə bu fakt məsələnin aktuallaşdırır".
Aynurə Demokrat.az


