"SEPAH (İran İnqilab Keşikçiləri Qvardiyası) üzvlərinin arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır".
Bu fikirləri Report.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, İranda İslam dininin siyasi alətə çevrilməsi, onun bir qrup rejim üzvü tərəfindən xalqı istismar etmək üçün vasitə kimi istifadə etməsi haqlı olaraq qonşu ölkənin vətəndaşları arasında böyük və kütləvi narazılıqlara səbəb olur: "Artıq aylardır ki, xalqın haqlı tələbləri və etirazları İran mollakratiyası tərəfindən göz ardı edilir. Mömin insanlar din adı altında siyasi şantaja məruz qalaraq adi insani haqlarını əldə edə bilmirlər. Hələ bu azmış kimi təqiblərə, ən müxtəlif və ağlasığmaz işgəncələrə məruz qalırlar.
Ona görə də hazırda İranda olduqca ciddi vətəndaş-mollakratiya qarşıdurması var və nə qədər ki, İran hakimiyyəti öz xalqına rifah, azad düşüncə, adi insan hüquqları təmin etməyəcək bir o qədər də bu qarşıdurma daha da dərinləşəcək" .


Belə vəziyyətdə qarşımızdakı mərhələdə İranın ən etibarlı mühafizləri sayılan SEPAH da bu qəddar və antiislam və antimüsəlman rejimi qorumaqdan imtina edəcəklər. Elə İran mollakratiyasının Azərbaycana olan münasibətinə baxmaqla bu rejimin islam düşməni olmasını çox aydın görmək olar. Müsəlman dini mirasını barbarcasına məhv edən Ermənistana İranın necə dəstək verməsi də bunun bariz göstəricilərindən biridir. Belə olanda SEPAH da, İran xalqı da bu rejimdən xilas olmaq üçün əlindən gələni edəcək" .


