Keçmiş əməkdaşımız Sənan Əhmədov ötən ilin sentyabr ayından bəri bir gün də olsa işə çıxmayıb. Amma qardaşı Səbuhi Əhmədovun şəhid olduğunu nəzərə alaraq, “Kontakt” ailəsi ona maddi-mənəvi, hər şəkildə dəstək olmağa çalışıb. Qardaşının ölümündən dərhal sonra şirkət ona birdəfəlik müavinət verib, işləmədiyi bütün dövr ərzində isə əmək haqqısını 100% ödəməyə davam edib. Lakin o, şirkətin bütün humanist addımlarına rəğmən, müxtəlif bəhanələrlə işindən yayınıb.
Demokrat.az-ın xəbərinə görə, bu barədə “Kontakt Home” məlumat yayıb.
“Belə olduğu təqdirdə, şirkətin onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi əsasında işdən azad etmək hüququ var idi. Amma şirkət yenə də şəhidimizə hörmət əlaməti olaraq onu bu şəkildə işdən azad etməyib və müqavilə müddətinin bitməsinə qədər gözləyib. Aylarla işləmədiyi təqdirdə şirkətdən əmək haqqı almağı özünə ayıb bilməyən Sənan Əhmədov bu gün şirkətə böhtan atmağı da özünə ayıb bilmir. Bu, bizi olduqca təəssüfləndirir. Çünki hamıya məlumdur ki, “Kontakt” özünün “Qarabağ” Proqramı çərçivəsində illərdir ki, geniş sosial məsuliyyət layihələri həyata keçirir və yardım kampaniyaları təşkil edir. İndiyədək olan bütün qarayaxma kampaniyalarına rəğmən, bu fəaliyyətini yenə də davam etdirir. Sonda Səbuhi Əhmədov başda olmaqla, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Buradan şəhid qardaşı, qohumu kimi statuslardan sui-istifadə edənləri şəhidlərimizin ruhuna ehtiramla yanaşmağa çağırırıq”, - məlumatda qeyd olunub.
Demokrat.az


