Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar üçün adiləşir. Təəssüf ki, kriminal xəbərlərin ölkə gündəmində yetərincə böyük pay sahibi olduğu gerçəkdir. Hətta bəzən nəticəsində ölüm olmayan pis xəbərlərə sevinəcək hala gəlirik. Təsəlli oluruq ki, bıçaqlandı, ən azından ölmədi. Lakin görünən odur ki, artıq cinayətkarlar işini yüz faiz “zəmanət” altına almaq istəyir. Belə olmasa, son iki həftədə Bakıda bıçaqları odlu silahlar əvəz etməzdi.
İki həftədə iki fərqli ünvanda iki silahlı insident yaşandı. Bir nəfər öldü, üç nəfər isə yaralandı. Martın 4-də “Bravo” hipermarketdə kütlə arasına avtomat və tapança ilə girən dəstə üzvləri bir nəfəri öldürdü, birini ölümcül yaraladı. Onlar bankomata qoyulmalı olan pulları götürüb qaçdılar. Cəmiyyətdə ciddi ajiotaja səbəb olan bu hadisənin xofu keçməmiş Bakı Dövlət Sirkinin yaxınlığında daha bir silahlı insident yaşandı. İki sadə vətəndaş kriminal qruplar arasındakı hesablaşmanın qurbanı oldu. Sabah daha bir insidentin baş verməyəcəyindən heç kim əmin deyil...
Bəs satışı qadağan olunan silahlar vətəndaşların əlinə haradan keçir?
Son hadisələr Azərbaycanda odlu silah əldə etməyin asan olduğuna dair şübhələr yaradıb. Baxmayaraq ki, qanun ov üçün nəzərdə tutulan silahlardan başqa Azərbaycanda odlu silah əldə etməyi qadağan edir.
Fotoda: Bir nəfərin ölümü ilə nəticələnən "Bravo" marketdəki silahlı hücum

Xidməti və mülki silah haqqında Qanuna görə, Azərbaycanda 18 yaşına çatmış istənilən şəxs mülki silah əldə edə bilər. Mülki silah isə özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahlara deyilir. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.
Mülki silahın alınmasına həm icazə verən, həm də nəzarət edən qurum Daxili İşlər Nazirliyidir. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazinin polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər: "Mülki silahın alınmasına xüsusi icazə verilir. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş silahı iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Silahın sahibinə onun saxlanılması və təyinatı üzrə istifadəsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən müvafiq rüsum ödənilir.
Bundan başqa, ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadəsinə icazə verilmiş ov silahları əldə edə bilər. Bu silahlar da rəsmi qeydiyyatdan keçirilir, bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun”.
Fotoda: Nurlan Əliyev 
DİN əməkdaşının sözlərinə görə, mülki silahın istifadəsi bir sıra şəxslər üçün qadağandır: "Şəxsin mülkiyyətində yeddi ədəddən artıq odlu silah olduqda, haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişi olduqda, ağır cinayətlərə görə, silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda, digər hüquqpozmalar törətdikdə, polis orqanlarında profilaktik, əməliyyat uçotunda olduqda və s. hallarda vətəndaş mülki silah ala bilməz".
Bəs istifadə necə tənzimlənir? Silahı aldıqdan sonra istənilən yerdə istifadə etmək olarmı?
Nurlan Əliyev deyir ki, aşağıdakı hallardan başqa mülki silahdan istifadə qadağandır: “Mülki silahın istifadəçisi onu həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq, digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq, insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək, yardım çağırmaq üçün tətbiq edə bilər. Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır.
İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır”.
Fotoda: Mülki silah növlərindən biri - pnevmatik tapança 
Hərbi ekspert Üzeyir Cəfərlinin fikirləri bu suala cavab tapmağa yardımçı olur. Ehtiyatda olan polkovnik “Qafqazinfo”ya deyib ki, Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdən müəyyən silah-sursatların digər bölgələrə, xüsusilə də Bakıya sızması böyük ehtimaldır: “Düşünürəm ki, Bakıdakı silahlı insidentlərdə istifadə edilən silahların oradan gətirilib-gətirilmədiyini hüquq-mühafizə orqanları müəyyənləşdirə bilər. Hətta keçən dəfə mediada pulemyota da rast gəldim. Böyük ehtimalla savaş günlərində kimsə həmin silahlardan ələ keçirib. Silah əldə qalırsa, o, mütləq bir gün özünü göstərəcək. Xüsusilə də cinayətkarlar üçün bu, fürsət yaradır. Hüquq-mühafizə orqanları işi gücləndirməlidir. Bu hadisələr ard-arda oldu deyə, insanlarda ajiotaj yaratdı. Amma milyonluq şəhər üçün bu şeylərin yaşanması təəccüblü olmamalıdır. Çünki bəzən xırda qarətlər silahlı insidentlə nəticələnə bilir”.

Düzdür, DİN mütəmadi silah tapılmasına dair məlumatlar açıqlayır. Amma istənilən halda diqqətdən yayınmağı bacaran şəxslər var”.


Dünya təcrübəsinə gəlincə, ABŞ dünyada silah gəzdirən vətəndaşların sayına görə ilk yerdədir. Amerikada yaşayan ailələrin 44 faizinin evində ən azı bir silah var. Burada bəzi ştatlarda hətta heç bir sənəd göstərmədən sadəcə mağazaya girib silah almaq mümkündür. Orada hər il orta hesabla 50 min nəfər silahlı insidentlər zamanı həyatını itirir.
ABŞ-dən sonra mülki silahlanmaya görə, sonrakı yerləri isə Hindistan, Çin, Pakistan, Rusiya tutur. Azərbaycana qonşu olan ölkələrdən ilk “10-luq”da Türkiyə də var. Bununla belə silahlı cinayətlərin statistikasına görə, El Salvador (91%), Braziliya (72%) və Honduras (59%) dayanır. Bu ölkələrin əksinə İslandiya və İrlandiyada əhali silah almaqda sərbəst olduğu halda polislər silahsız fəaliyyət göstərir.


