Əcnəbiləri Azərbaycan ərazisinə qanunsuz keçirməkdə təqsirləndirilən Rasif Ağayev və Ənvər İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yardımlı rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün Hakim Habil Bəhmənovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, R.Ağayev və Ə.İsayev İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etməkdə ittiham olunurlar. Onlar İran vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşıb və Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçib, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ə.İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib.
Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.
R.Ağayev və Ə.İsayev barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Fariz Məlikli Demokrat.az


