Azərbaycan Karate-Do Federasiyasının üzvləri ilin ilk yarışında uğurla iştirak ediblər. Karateçilərimiz Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində “Emirates Sports Karate Open” beynəlxalq turnirində yüksək nəticələr qazanıblar.
Demokrat.az xəbər verir ki, Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədovun rəhbərliyi ilə yarışa 30 nəfərlik heyətlə yollanan yığmamız 13 medala sahib olub. Belə ki, səkkiz idmançımız finala vəsiqə əldə etməyi bacarıb. Onlardan 5-i fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçilərimizdən 3 nəfər yalnız finalda uduzaraq, gümüş medalla kifayətləniblər. Yığmamızın aktivinə əlavə olunan bürünc medalların sayı 5 olub.
Böyüklər arasında yeganə qızıl medalı Samir Məmmədov qazanıb. O, 84 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. Qadınların mübarizəsində Humay Həsənli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Gənc və yeniyetmələrin yarışında Xədicə Mürsəlova, Zəki Cəfərzadə, Xədicə Vəlizadə, Musa İsmayılov qızıl, Amil Abbaslı, Vüqar Əzizli, Rəsul Abasov gümüş, Davud Muradov, Eldar Qurbanlı, Ağgül Əsgərova və Hüseyn Muxtarzadə bürünc mükafata layiq görülüb.
Beynəlxalq turnirdə 19 ölkədən 600-ə qədər karateçi iştirak edib. Yığmamızın uğurlu çıxışı nəticəsində Azərbaycan medal sayında üçüncü yerə yüksəlib.
Qeyd edək ki, uğur qazanmış idmançılar federasiyanın təsis etdiyi illik cədvələ görə ilk reytinq xallarını əldə ediblər. 









Arzu Demokrat.az


