Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda ilk panel iclası keçirilib.
“Report”un xəbərinə görə, panel iclasda Latviya Prezidenti Egils Levits, Slovakiyanın 2010-2012-ci illərdə Baş naziri İveta Radiçova, Norveçin 1997-2000 və 2001- 2005-ci illərdə Baş naziri Kyell Magne Bondevik, Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi, İsveçrə Konfederasiyasının 2007- 2011-ci illərdə Prezidenti Mişelin Kalmi-Rey, Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko, NGBM-in həmsədri və 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa çıxış ediblər.
Latviya Prezidenti Egils Levits çıxışı zamanı qeyd edib ki, Rusiyanın Ukraynaya aqressiyasına beynəlxalq səviyyədə ilk dəfədir ki, reaksiya verilir: “Biz icazə verməməliyik ki, qəbul edilmiş standartlar pozulsun”.
Onun sözlərinə görə, beynəlxalq hüquq dünya sülhünün təməlidir: “Beynəlxalq hüquq həm də bütün səviyyələrdə təmin edilməlidir. Aqressiyalara dözülməməlidir və cəzasız qalmamalıdır. İlk olaraq hərbi, iqtisadi və s. dəstək olmalıdır”. Norveçin 1997-2000 və 2001- 2005-ci illərdə Baş naziri Kyell Magne Bondevik isə bildirib ki, hazırki vəziyyət II Dünya müharibəsindəkilərdən çox fərqlidir: “Bizə çox güclü regional əməkdaşlıq lazımdır və bu, daha çox birlik gətirə bilər. Bizi NATO qoruyur”. 
O deyib ki, hazırda Rusiya tərəfi dini fərqli şəkildə istifadə edir: “Demokratiya və müharibə bir-birinə qarşı çıxan tərəflərdir. Münaqişəni həll etmək üçün biz sülh alətlərindən istifadə etməliyik. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi də çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunub. 

“Ukraynada törədilənlərin cinayət kimi qəbul olunması vacibdir. Putin rejimi üzərində qələbə vacibdir. Rusiyada yaşayan bütün millətlər də açıq şəkildə bu hücuma qarşı yanaşmalarını ifadə etməlidirlər”, - sabiq dövlət başçısı qeyd edib.
Panel iclası çıxışlarla davam etdirilib.




